CSSC Baku @cssc_cqtm Channel on Telegram

CSSC Baku

@cssc_cqtm


Cənubi Qafqaz Tədqiqatlar Mərkəzi (CQTM) Azərbaycanda, Bakıda yerləşən, Cənubi Qafqazda və onun qonşuluğunda siyasi və iqtisadi prosesləri tədqiq edən müstəqil qeyri-hökumət təşkilatıdır. Yayımlanan materiallara istinadın verilməsi vacibdir. www.cssc.az

CSSC Baku (Azerbaijani)

CSSC Baku adlı Telegram kanalı Cənubi Qafqaz Tədqiqatlar Mərkəzi (CQTM) haqqında ən son məlumatları sizə çatdırır. Bu mərkəz Azərbaycanda, Bakıda yerləşir və Cənubi Qafqaz regionunda siyasi və iqtisadi prosesləri tədqiq edən müstəqil bir qeyri-hökumət təşkilatıdır. Kanalda yayımlanan materiallar çeşitli istinadlarla təsdiqlənmiş və təsdiqlənməmiş məlumatları içərməkdədir. CSSC Baku kanalında yayımlanan materiallərdə bu təşkilat tərəfindən təmin edilən ən son analizləri, araşdırmaları və fikirləri tapa bilərsiniz. Əgər Cənubi Qafqaz və onun qonşuluğunda baş verən hadisələr və proseslər həqiqi mənbələrdən oxumaq və mütaliə etmək istəyirsinizsə, CSSC Baku kanalına abunə olun və təqib edin. Daha çox məlumat üçün www.cssc.az saytını da ziyarət edə bilərsiniz.

CSSC Baku

20 Feb, 17:00


Paşinyanın təşəbbüsləri hansı məna daşıya bilər?

Dünən Ermənistanın baş naziri bir qərar və bir də “ideoloji bəyanat” verdi. O, Ermənistanın Milli Təhlükəsizlik Strategiyasının dəyişdirilməsi ilə bağlı qərarı açıqladı. Bu məsələdə məsul şəxs Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryandır.

Paşinyan “ideoloji müraciətində” Konstitusiya ilə bağlı referendumun keçiriləcəyini elan etdi. Müraciətdən bir sitatı təqdim edirik: “Yeni Konstitusiyanın qəbulunun strateji məqsədi dövlət quruculuğu olmayan xalqın keçmişdən qalma fəaliyyət ardıcıllığından dövlət quruculuğuna malik xalqın fəaliyyət ardıcıllığına keçiddən ibarətdir”.

Beləliklə, gəlin Ermənistanın baş nazirinin bu təşəbbüslərinə nəzər salaq.

Ermənistanın Milli Təhlükəsizlik Strategiyası Bakıda qıcıq yaradan sənədlərdən biridir, çünki Strategiyada hələ də Ermənistan Respublikasının qondarma DQR-in təhlükəsizliyinin təminatçısı olduğu qeyd olunur. Şübhəsiz ki, Ermənistan rəhbərliyinin artıq yeni Strategiya layihəsi var və biz müəyyən müddətdən sonra Strategiyanın mətni ilə tanış ola biləcək, bu sənədin yeni variantının Azərbaycan üçün nə dərəcədə qənaətbəxş olacağını anlaya biləcəyik.

Konstitusiya ilə bağlı məsələ daha mürəkkəbdir. Paşinyan “yeni Konstitusiya” ifadəsini işlədir ki, onu iki cür şərh etmək olar: Bu, mövcud Konstitusiyaya dəyişiklikdir, yaxud doğrudan da “tamamilə yeni” Konstitusiyadır?! Əgər yenidirsə, bu, yeni Bəyannamə ilə yeni respublikanın elan edilməsi deməkdir.

Bu niyə vacibdir?!

Keçən il Ermənistan hökuməti Blinkenin təhriki ilə sərhəd komissiyasının nizamnaməsində hüquqi hiylə işlətdi. Ermənistan sənədi Konstitusiya Məhkəməsinə göndərdi və Məhkəmədən sənədə cavab aldı. İrəvanda Azərbaycana qarşı ərazi iddiasını özündə əks etdirən İstiqlal Bəyannaməsinə istinadın konstitusiya norması qüvvəsinə malik olmadığını göstərməyə çalışdılar. Yəni bu sənədə istinad olsa belə, onun heç bir əhəmiyyəti yoxdur. Beləliklə, Ermənistan hökuməti Azərbaycanın tələbini özünəməxsus şəkildə təmin etməyə çalışdı.

Bununla yanaşı, Ermənistan Konstitusiya Məhkəməsi qeyd etdi ki, Ermənistan Konstitusiyasının dəyişməz hissələri var və Preambula belə hissələrdən biridir. Yəni, onlar Ermənistanda istəsələr belə, Konstitusiyanın İstiqlal Bəyannaməsinə istinadın yer aldığı Preambulasını dəyişə bilməzlər. Beləliklə, aşılması mümkün olmayan bir çərçivə cızıldı.

Məhz o zaman Azərbaycan Xarici İşlər Nazirliyinin rəhbəri Ermənistan Konstitusiya Məhkəməsinin qərarının vəziyyəti daha da mürəkkəbləşdirdiyini bəyan etdi. Faktiki olaraq Paşinyan hökuməti özünü hüquqi dalana sürüklədi.

İndi Paşinyan “yeni Konstitusiya”nın adını çəkib. Maraqlıdır, Paşinyan bununla nə demək istəyir, “yeni” Konstitusiya layihəsi nə vaxt təqdim olunacaq və referendumun nə vaxt keçirilməsi nəzərdə tutulur – parlament seçkilərindən əvvəl, paralel, yoxsa sonra?!

Keçən ilin əvvəlində Paşinyan artıq Konstitusiya ilə bağlı referendumun keçirilməsi ilə bağlı müzakirələrin təşəbbüskarı olsa da, sonra bu proses dayandı və unuduldu.

Niyə indi?

Belə qənaətə gəlmək olar ki, Paşinyan Vaşinqton və Münhenə səfərlərindən sonra anladı ki, ABŞ və Aİ-nin vahid mövqeyindən əsər-əlamət qalmayıb. ABŞ və Aİ ölkələri arasında koordinasiya sürətlə pisləşir və bu, təbii ki, planetin digər regionlarına və ölkələrinə də təsir edəcək. Qərb dövlətləri diqqəti özlərinə cəmləyir və vəsaitlərini şübhəli geosiyasi layihələrin həyata keçirilməsindən daha çox öz ehtiyaclarına sərf edəcəklər.

Eyni zamanda Tramp administrasiyasının Rusiyaya münasibəti nümayiş etdirir ki, Vaşinqtonla Moskva arasındakı münaqişəyə əsaslanan oyun istənilən nəticəni verməyəcək.

Belə şəraitdə özünüqoruma instinkti tamamilə fərqli tələbləri diktə edir. Paşinyan anlayır ki, o yerli səviyyədə razılığa gəlməlidir. İlin əvvəlində Azərbaycan Prezidenti bəyan etdi ki, Bakının mövqeyi qətidir və o, danışıqları imitasiya etmək fikrində deyil. İndi Ermənistan danışıqlar prosesinə təkan vermək üçün hərəkətə keçməlidir.

@cssc_cqtm

CSSC Baku

20 Feb, 06:23


Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin (CQTM) direktoru Fərhad Məmmədov İctimai TV-nin efirində gedən "Diqqət Mərkəzi" verilişində "Tramp və Zelenskinin bəyanat müharibəsi" mövzusundakı müzakirələrdə iştirak edib.

Daha ətraflı: https://youtu.be/aqKKFbkH7is?si=AzEV-5jF-D0pnpu8

CSSC Baku

19 Feb, 18:00


Qərbin Ermənistana yardımı: ABŞ və Aİ üçün İrəvana dəstək neçəyə başa gəlir?

5 aprel 2023-cü ildə Brüsseldə ABŞ/Aİ Ermənistana iqtisadi, siyasi və hərbi dəstəyi nəzərdə tutan yardım paketini təqdim etdi. Bu yardım çərçivəsində ABŞ/Aİ Cənubi Qafqazda geosiyasi seçim edərək mövcud layihələri koordinasiyalı şəkildə həyata keçirir.

Cənubi Qafqaz Araşdırmalar Mərkəzi ABŞ və Aİ-nin Ermənistana yardımının miqyasını monitorinq etməyə çalışıb. Bu mövzu Tramp administrasiyasının ABŞ-nin xarici yardımlarını yenidən nəzərdən keçirməsi fonunda aktualdır. ABŞ-nin Ermənistanda həyata keçirdiyi layihələrdən göründüyü kimi, bu, əhəmiyyətli bir məbləğdir və hazırda havadan asılı qalıb. Aİ-nin Xarici Siyasətdən məsul Komissarı Kaya Kallas artıq bəyan edib ki, Aİ USAID-in fəaliyyətinin dondurulmasından sonra yaranan boşluğu doldurmağa hazırdır.

Monitorinqdə 2023-cü ildə Avropa Komissiyası (AK) və Avropa İnvestisiya Bankı (AİB) tərəfindən Ermənistanda maliyyələşdirilən layihələr təhlil edilib. Yardımın ümumi məbləği 87.193.072 avrodur - 80.548.575 avro AK, 6.644.497 avro isə AİB tərəfindən ayrılıb. Burada Aİ-nin sülh fondu və digər Aİ ölkələrinin fərdi ianələri nəzərə alınmayıb.

Maraqlı məqamlar... 2023-cü ildə AK, bu günkindən daha azsaylı olan Avropa missiyasına 16.560.758 avro xərcləyib. 2023-cü ildə AK, hələ də imzalanmayan Ticarət Müqaviləsinin dərinləşdirilməsi və genişləndirilməsinə hazırlıq üçün 3 milyon avro xərcləyib! AİB 2023-cü ildə Şimal-Cənub nəqliyyat dəhlizinin bərpası üçün 5.481.264 avro xərcləyib ki, bu dəhlizi İran şirkətləri tikir.

2023-cü ildə AK, Ermənistanın sərhəd bölgələrində minaların təmizlənməsinə 767.979 avro xərcləyib. AK Almaniyanın "Deutsche Welle" kanalına erməni media orqanlarını dəstəkləmək üçün 739.823 avro ayırıb ki, bu da kanalda Azərbaycan əleyhinə materialların görünməsinə səbəb olub. AK 2023-cü ildə Aİ-nin Ermənistanda təbliğatına 1.181.845 avro xərcləyib. Bir çox xərclər şifrələnib və bu cür layihələrin əksəriyyətində Çexiyanın "People in Need" təşkilatı podratçı kimi çıxış edir. Layihələrin tam siyahısı ilə saytımızda tanış olmaq olar.

2025-ci il Münhen Təhlükəsizlik Konfransı Qərb dünyasında parçalanma ilə yadda qalacaq. ABŞ rəsmi olaraq Aİ ilə münasibətlərin yenidən nəzərdən keçirilməsini elan etdi. Vaşinqton ödəniş qabiliyyəti daha yüksək olan Avropa görmək istəyir və xərclərin əhəmiyyətli bir hissəsini Aİ ölkələrinin öhdəsinə qoymağa çalışır. Aİ qarşısında təhlükəsizlik xərclərini artırmaq kimi bir çağırış durur. Bu şəraitdə digər ölkələrə yardım proqramlarının və layihələrinin maliyyələşdirilməsi də dəyişikliklərə məruz qala bilər.

ABŞ-nin Ermənistana yardımı da araşdırma obyektinə çevrilib. 2023 və 2024-cü illər üçün layihələr təhlil edilib ki, bu da Ermənistana maliyyə yardımının həcmi və miqyası haqqında təsəvvür yaradır. Ermənistan hökuməti Bayden-Blinken administrasiyası ilə Strateji Tərəfdaşlıq Xartiyasını imzaladıqdan sonra Tramp administrasiyası dövründə ABŞ dəstəyinin davamlılığını qorumağa çalışır.

Məsələnin dəyəri 2023-cü il üçün 94.145.435 dollar və 2024-cü il üçün 65.361.792 dollardır. Əgər ABŞ-nin Xartiyadakı öhdəliklərindən çıxış etsək, bu rəqəm bir neçə dəfə artmalı və ildə yarım milyard dollara çatmalıdır. Burada nəzərə almaq lazımdır ki, Ermənistan ərazisində keçirilən bütün hərbi təlimlər, amerikalı mütəxəssislərin gəlişi və fəaliyyəti ilə bağlı məsələlər, təşkilati resurslar Pentagonun büdcəsindən maliyyələşdirilir və açıq monitorinqə daxil deyil.

Ən qeyri-adi layihələrdən biri Qarabağdan Ermənistana qaçqın statusunda gələn ermənilər arasında LQBT icmasının dəstəklənməsi layihəsidir.

Ermənistana yardım işində Fransa da geri qalmamağa çalışır. 2023-cü ildə Psrisin yardımı 20 milyon avro, 2024-cü ildə isə təxminən 17 milyon avro olub. 2024-cü ildə Fransa İnkişaf Agentliyi Ermənistanın büdcə kəsirini qapamaq üçün 75 milyon avro kredit ayırıb. Açıq mənbələrdə hərbi yardımlar qeyd olunmayıb.

Monitorinqin nəticələri ilə tam şəkildə saytımızda tanış olmaq olar: https://cssc.az/az/view/2/68/

@cssc_cqtm

CSSC Baku

14 Feb, 07:00


Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin (CQTM) direktoru Fərhad Məmmədov İctimai TV-nin efirində gedən "Diqqət Mərkəzi" verilişində "Putin və Tramp Avropda "Amerika əsrinə" son qoydular" mövzusundakı müzakirələrdə iştirak edib.

Daha ətraflı: https://youtu.be/9up1hi19y8g?si=LZ-UxMeRuJYrQR6P

CSSC Baku

11 Feb, 17:00


Trump dövründə ABŞ Cənubi Qafqazdan nə istəyə və nəyə ehtiyac duya bilər?

ABŞ-nin hər bir administrasiyası xarici siyasətdə yalnız milli maraqlara əsaslandığını bildirir. Burada vacib olan, ABŞ hökumətinin müəyyən bir ölkə və ya regionla bağlı öz milli maraqlarını necə formalaşdırmasıdır. Hal-hazırda Trump administrasiyasında bu milli maraqların formalaşdırması prosesi davam edir. Həmin maraqlar, xüsusilə ABŞ-nin yerləşdiyi yarımkürəyə, Rusiyanın Ukraynaya qarşı təcavüzü və Yaxın Şərq mövzusuna şamil olunur.

“İstək” “ehtiyac” anlayışları oxşar olsalar da, geosiyasi kontekstdə onların arasında böyük fərq var.

- “Ehtiyac” dövlətin, onun şirkətlərinin və müttəfiqlərinin obyektiv maraqlarıdır;

- “İstək” isə subyektiv amillərdən irəli gələn maraqların bütün vasitələrlə (manipulyasiyalardan, sanksiyalardan tutmuş investisiyalara və yardıma qədər) təbliğ edilməsidir.

ABŞ ənənələrində həm praqmatizm (“ehtiyac”), həm də ideoloji xarici siyasət (“istək”) mövcud olub. Məsələn, Biden-Blinken administrasiyası ümumilikdə regionumuzla, o cümlədən də Ermənistan-Azərbaycan danışıqları ilə bağlı ABŞ-nin “ehtiyacları” ilə deyil, daha çox “istəkləri” əsasında hərəkət edib.

Şübhəsiz ki, ABŞ üçün Cənubi Qafqaz periferiyadır, lakin hansı periferiya – postsovet məkanı, Böyük Yaxın Şərq, Mərkəzi Asiyaya giriş?! Prinsipcə, hazırda Cənubi Qafqaz bütün bu məsələlərdə (Rusiyanın Ukraynaya qarşı təcavüzü, İran, Mərkəzi Asiyaya logistika) yan mövzudur.

Trump dövründə xarici siyasətə ayrılan resurslar optimallaşdırılır. Yumşaq güc vasitələri transformasiya olunur (USAID-in bağlanması, media strukturlarının maliyyələşdirilməsinin müvəqqəti dayandırılması), ABŞ silahlı qüvvələrinin, məsələn, Suriyadan çıxarılması planlaşdırılır. Yəni, ABŞ resurslarını ölkə daxilində cəmləşdirir, maraq doğuran regionlarda isə müttəfiqləri vasitəsilə fəaliyyət göstərməyə çalışır. Hələlik vəziyyət belədir…

Bəs ABŞ-nin Cənubi Qafqazda nəyə ehtiyacı var?

Vəziyyətdən asılı olaraq, ABŞ-nin əsas üç istiqamətdə aşağıdakılara ehtiyacı ola bilər:

- Regionda İranın təsirinin azaldılması – region ölkələrinin İranla iqtisadi əlaqələrinin azaldılması, İranın region ölkələrində hərbi mövcudluğunun qarşısının alınması, ABŞ və onun müttəfiqlərinin maraqları dairəsində olan layihələrin təhlükəsizliyinin təmin edilməsi;

- Rusiyanın təsirinin azaldılması – Rusiyanın regionda hərbi, siyasi və iqtisadi mövcudluğunun azaldılması;

- Mərkəzi Asiyaya giriş və çıxışların təhlükəsizliyinin təmin edilməsi – buraya neft və qaz kəmərləri, yollar, kabellər (internet, elektrik və s.) daxildir.

Bu, pragmatik yanaşmanın obyektiv mənzərəsidir.

Bəs region ölkələri?

- Gürcüstan ABŞ tərəfindən təzyiq altındadır və bu vəziyyətdən çıxmağa çalışır. ABŞ ilə əməkdaşlıq üçün məzmun hazırlanıb – buraya dərin dövlətlə mübarizə, qlobal müharibə partiyası ilə mübarizə, ənənəvilik (LGBT-ə qarşı) daxildir. Lakin Gürcüstan hökumətinin bu məzmunu çatdırmaq üçün zəif rabitə kanalları var. ABŞ-nin “ehtiyac” meyarlarına görə Gürcüstan tamamilə Vaşinqtonun maraqlarına cavab verir;

- Azərbaycan da ABŞ-nin müəyyən etdiyi məqsədlərə uyğun məzmun hazırlayıb, resurslara və infrastruktura (neft və qaz kəmərləri, dəmir yolları, liman) malikdir. Bakı üçün rabitə kanallarını formalaşdırmaq vacibdir;

- Ermənistan isə əvvəlki ABŞ administrasiyasının paradiqmasında qalmaqla ABŞ-nin yardım və dəstəyindən asılıdır. Ermənistan ABŞ-nin “ehtiyac duyduğu” resurslara malik deyil, lakin rabitə kanalları mövcuddur.

Beləliklə, belə bir nəticəyə gəlmək olar ki, ABŞ praqmatik yanaşma tətbiq etsə, Vaşinqton minimum resurs xərcləyərək ona lazım olan hər şeyi əldə edə bilər. Əgər siyasətə “istəklər” qarışarsa (məsələn, ermənipərəst konqresmenlərin ABŞ Dövlət Katibinə yazdığı məktubda olduğu kimi), onda Trump administrasiyası Biden-Blinken administrasiyasının qarşılaşdığı problemlərlə üzləşəcək.

@cssc_cqtm

CSSC Baku

11 Feb, 05:09


Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin (CQTM) direktoru Fərhad Məmmədov İctimai TV-nin efirində gedən "Diqqət Mərkəzi" verilişində "Moskva Rusiyadakı soydaşlarımızı cəzalandıra bilərmi?" mövzusundakı müzakirələrdə iştirak edib.

Daha ətraflı: https://youtu.be/J5qfvkbTIIQ?si=RWeDmGZhjl7i9j_8

CSSC Baku

27 Jan, 19:00


Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin (CQTM) direktoru Fərhad Məmmədov İctimai TV-nin efirində gedən "Diqqət Mərkəzi" verilişində "Sülh göyərçini" Paşinyan keçmişdə kim olub?" mövzusunda fikirlərini bölüşüb.

Daha ətraflı: https://youtu.be/z-ZobsVh02o?si=LTUsHE9PT4pOaXwk

CSSC Baku

23 Jan, 05:01


Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin (CQTM) direktoru Fərhad Məmmədov İctimai TV-nin efirində gedən "Diqqət Mərkəzi" verilişində "Donald Tramp administrasiyasının Azərbaycana münasibəti necə olacaq?" mövzusunda fikirlərini bölüşüb.

Daha ətraflı: https://www.youtube.com/watch?v=-IDi2fbvrEU

CSSC Baku

22 Jan, 17:00


Yaxın Şərq getdikcə Cənubi Qafqaza yaxınlaşır

Cənubi Qafqaz bir neçə regional müstəvidə təmsil olunur - bu, Şərqi Avropa, postsovet məkanı, Yaxın Şərq və Mərkəzi Asiyadır. Artıq son üç onillikdir ki, bu bölgələrlə əlaqələr genişlənir. Son bir neçə ilin geosiyasəti isə Cənubi Qafqazı Mərkəzi Asiya, Avropa və Yaxın Şərqə daha da yaxınlaşdırıb.

Yaxın Şərqdə davam edən transformasiyaların dinamikası Cənubi Qafqaz ölkələrinin mütərəqqi iştirakını stimullaşdırır. Şübhəsiz ki, Cənubi Qafqaza ən çox təsir edən Suriyadakı vətəndaş müharibəsi olub. Azərbaycan vətəndaşları hər iki tərəfdən cihadçıların bayrağı altında döyüşüb; Ermənistanda Suriyadan olan qaçqınlar peyda olub, Suriya və Livan ermənilərinin silahlı birləşmələri Qarabağ müharibəsində iştirak edib, Ermənistan Rusiyanın silahlı kontingentinin tərkibində Suriyaya öz ordusunu göndərib.

Regionun qonşuları - Türkiyə, Rusiya və İran Suriya üzrə Astana qarşılıqlı fəaliyyət formatını rəsmiləşdiriblər ki, bu konsensus dolayısı ilə Cənubi Qafqaza da şamil edilib. Ötən ilin sonunda İran və Rusiya Suriyada məğlubiyyətə uğrayandan sonra isə vəziyyət dəyişib. Cənubi Qafqaza təsir edən yeni aktorlar və yeni ziddiyyətlər meydana çıxıb.

Hazırkı mərhələdə kürd məsələsi daha kəskin şəkil alıb, onun ətrafında “lehinə” və “əleyhinə” olmaqla koalisiyalar yaradılır.


Kürdlərin bölgədə harada və hansı vəziyyətdə olduqlarını qısaca qeyd edək:

- Türkiyədə - üçüncü ən populyar siyasi partiya və gizli terror təşkilatı var;
- İranda – onların parlamentdə vahid partiya kimi olmasa da, siyasi təmsilçiliyi mövcuddur, silahlı birləşmələri zəifdir;
- İraqda – iqtisadi resursları və güclü silahlı qüvvələri, xarici dünya ilə əlaqələri olan tam muxtariyyətə malikdirlər, lakin dənizə çıxışları yoxdur;
- Suriyada - ABŞ-ın dəstəyi ilə silahlı birləşmələr yaradılıb, təbii məskunlaşma arealından daha böyük ərazilərə nəzarət edirlər və dənizə çıxışları yoxdur.

Bu gün Suriyada “yerdə” təmsil olunanalar Türkiyə, İsrail, ABŞ və bu qüvvələrin rəhbərlik etdiyi digər qruplardır. Kürd məsələsi Türkiyə-ABŞ münasibətlərində artıq mübahisə mənbəyinə çevrilib, Türkiyə-İsrail münasibətlərində isə yaxın gələcəkdə çevriləcək.

ABŞ və İsrail bir tərəfdən Suriyada proqnozlaşdırıla bilənliyi təmin etməyə çalışırlar ki, bu da Türkiyəsiz mümkün deyil, əks halda İran və Rusiya yenidən peyda olacaq. Digər tərəfdən, bölgədə Türkiyəni məhdudlaşdıran yeganə qüvvə kürdlərdir və buna görə də onlara dəstək verilir.

Türkiyə də öz növbəsində əldə etdiyi uğurları möhkəmləndirməyə çalışır və ikili yanaşma sərgiləyir: Suriyanın gələcəyi ilə bağlı kürdlərlə danışıqlara başlamaqla yanaşı, ölkədə terrorçu qruplara qarşı hərbi əməliyyatlar aparır, onların nəzarət zonasını daraldır. Danışıqlar həm Suriyanın müvəqqəti hökuməti, həm də ABŞ vasitəsilə aparılır və artıq İraq Kürdüstanından olan Bərzani klanının ağsaqqalı da prosesə qoşulub.

Cənubi Qafqaz bu vəziyyətdə haradadır?

ABŞ ilə Xartiya imzalamaqla Ermənistan ABŞ-ın İŞİD-ə qarşı mübarizə koalisiyasında iştirak etmək öhdəliyini üzərinə götürüb və bu, dolayısı ilə Suriyada Türkiyə ilə döyüşən kürd terrorçularının dəstəklənməsində iştirakdır.

Azərbaycan üçün bu vəziyyət həm təhlükə, həm də fürsət yaradır. İsrail açıq şəkildə kürd terrorçularını dəstəkləməyə qoşularsa, təhlükə Suriyada Türkiyə ilə İsrail arasında açıq qarşıdurmadır. Əgər ABŞ İsrail və Suriya kürdlərindən ibarət koalisiya yaratsa, o zaman belə çıxır ki, İsrail və Ermənistan ABŞ çətiri altında bu və ya digər formada koalisiyada iştirak edəcək.

Son bir neçə gündə Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Xarici İşlər Nazirliyinin rəhbəri, İsrail prezidenti və İraq Kürdüstanı hökumətinin başçısı ilə görüşüb. Türkiyə və İsrailin Yaxın Şərqdə əsas rol oynadığı status-kvonun bərqərar olması Azərbaycana sərfəli olduğu üçün Türkiyə-İsrail arasındakı kəskin ucların hamarlanmasında Bakı müəyyən rol oynaya bilər.

Azərbaycan ənənəvi olaraq sabitlik və çoxtərəfli diplomatiyadan bəhrələnir, Ermənistan isə bulanıq qarşıdurma sularında balıq axtarmaq ənənəsini dəyişmir.

@cssc_cqtm

CSSC Baku

20 Jan, 14:09


Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin (CQTM) direktoru Fərhad Məmmədov Pressklub TV-nin efirində gedən “Əsas Sual” verilişində “Tramp dönəmi rəsmən başlayır: Regionu nələr gözləyir?” mövzusunda fikirlərini bölüşüb.

Daha ətraflı: https://www.youtube.com/watch?v=vWEwC32-ryo

CSSC Baku

19 Jan, 11:11


Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin (CQTM) direktoru Fərhad Məmmədov Sosiologiya Akademiyasının "Açar” layihəsində "Beynəlxalq siyasətdə ədalət varmı?" mövzusunda fikirlərini bölüşüb.

Daha ətraflı: https://www.youtube.com/watch?v=JEOH1tUEOdo

CSSC Baku

17 Jan, 17:00


Ermənistan Kremlin “qırmızı xətlərini” nə vaxt keçəcək?!

İlin əvvəlindən Ermənistan hökumətinin bir qərarı (Avrointeqrasiya haqqında qanun layihəsinin parlamentə göndərilməsi) və bir addımı (ABŞ-la Strateji Tərəfdaşlıq Xartiyasının imzalanması) Rusiyada reaksiya doğurub.

Baş nazirin müavini Overçuk və Təhlükəsizlik Şurasının sədr müavini Medvedyev səviyyəsində iqtisadi təsir rıçaqlarından istifadə etmək barədə açıq hədələrlə şərhlər verilib.

Media kampaniyalarını kənara qoysaq, Ermənistanın Kremlin “qırmızı xətləri”nə nə qədər yaxınlaşdığını və onların nələrdən ibarət olduğunu anlamaq üçün hər iki tərəfin addımları vacibdir.

Rusiya prezidenti çıxışlarının birində MDB ölkələrindən gözləntilərini - öz qərarlarında müstəqil olmaq və ərazilərini Rusiyaya qarşı istifadə üçün verməmək barədə fikirlər səsləndirib.

Bundan əvvəl baş verənlər - Ermənistanda rus sərhədçilərinin funksionalının azalması, Ermənistan hökuməti üzvlərinin anti-Rusiya bəyanatları, KTMT üzvlüyünün dondurulması, Paşinyanın MDB sammitlərində iştirak etməməsi və s. Kremlin “qırmızı xətləri”nə çevrilməyib.

Paşinyan addımlarını xarici siyasətin şaxələndirilməsi ilə izah edib. Diversifikasiya isə əvəzetmə yox, alternativ yaratmaqdır. Demək ki, Ermənistan hökumətinin təhlükəsizlik və iqtisadiyyat sahəsində Rusiyanın mövcudluğuna alternativ yox, onun əvəzlənməsini nəzərdə tutan qərar və addımları Kreml üçün “qırmızı xətt”ə çevrilə bilər!

Əgər Paşinyan Avropaya inteqrasiya haqqında qanun layihəsini təsdiqləsə, Ermənistan parlamentinin onu səs çoxluğu ilə qəbul edəcəyi şübhəsizdir. Bu, Avropaya inteqrasiya niyyətlərinin Ermənistan Konstitusiyasına yazılması istiqamətində bir addım olacaq. Amma bu o demək deyil ki, Ermənistan Aİ-yə daxil olmaq üçün müraciət edir, yəni bu, sadəcə niyyətdir. Rusiya baş nazirinin müavini Overçuk bu addımı belə izah edib: “Biz bunu Aİİ-dən çıxışın başlanğıcı kimi görürük”. Yəni, Ermənistan parlamentində qanunun qəbulu Rusiyanın Ermənistana qarşı addımlarının başlanğıcı ola bilər, çünki Ermənistanın Aİ-yə üzvlüyü Aİİ-dən çıxmağı nəzərdə tutur. Artıq "qırmızı xətt" qoxusu gəlir...

Vaşinqtonda imzalanmış Xartiya tərəflərin niyyətlərini əks etdirir, lakin sənəddə faktiki olaraq heç bir konkretlik yoxdur. Məsələn, nüvə energetikası bölməsində atom elektrik stansiyalarının (RosAtom) fəaliyyətinin dayandırılması ilə bağlı bənd yoxdur, yalnız bu mövzuda ABŞ-la əməkdaşlıq haqqında bənd var. Yəni, alternativdir, əvəzetmə deyil.

2011-2012-ci illərdə Aİ Ermənistanla assosiasiyaya hazırlaşırdı və gömrük sahəsində islahat üçün əvvəlcədən pul ödəmişdi. Lakin 2013-cü ilin sentyabrında Sarqsyan Aİİ-yə daxil olmaq qərarına gəldi. Odur ki, Paşinyanın transformasiyası və ya Ermənistanda rusiyayönlü qüvvələrin hakimiyyətə gəlməsi halında ABŞ və Aİ-nin Ermənistana bütün yardımları Rusiyanın aktivinə çevriləcək.

Xartiyada Rusiyanı ən çox maraqlandıra biləcək bu hissədir:
“Ermənistan və Birləşmiş Ştatlar ikili təyinatlı mallar üzrə ixrac nəzarətinə riayət olunmasını gücləndirmək, siyasət çərçivələrini əlaqələndirmək və məlumat mübadiləsi aparmaq üçün işçi qrup yaratmaq niyyətindədirlər”. Ermənistan doğrudanmı Rusiya ilə ticarət dövriyyəsini filtrdən keçirməyə razı olacaq? Bu, indiki mərhələdə Rusiya ilə münasibətlərin toxunulmaz sahəsidir.

Axı Moskva Ermənistan vasitəsilə sanksiyalardan yayındığına görə İrəvanın Rusiya əleyhinə bəyanatlarına göz yumur.


Bir sözlə, Ermənistan Rusiyanı əvəz etmək istədikdə, bu, Kremlin “qırmızı xətt”inə çevrilə bilər. Potensial olaraq qırmızı rəngə boyanmış ən çox ehtimal olunan addımlar bunlardır:

- Ermənistanın KTMT-dən çıxması və NATO-ya daxil olmaq niyyətini bəyan etməsi. Ola bilər ki, əvvəl sadəcə KTMT-dən çıxış olsun, lakin bu, təsirsiz ötüşməyəcək.

- Avropaya inteqrasiya haqqında qanunun qəbulu, Aİ ilə yeni saziş ilkin məhdudiyyətlərə səbəb ola bilər.

- Ermənistanın sanksiyalar üçün reeksport sxemlərində iştirakdan imtina etməsi prinsipcə “qırmızı xətt” deyil, amma Moskva cavab verməli olacaq.

@cssc_cqtm

CSSC Baku

16 Jan, 17:00


Azərbaycan ABŞ-Ermənistan strateji tərəfdaşlıq Xartiyasında

ABŞ-Ermənistan strateji tərəfdaşlıq Xartiyasının imzalanmasından dərhal sonra Blinken və Mirzoyanın çıxışlarında birbaşa Azərbaycan və Qarabağın adı qeyd olunmayıb. Ermənistanın müstəqilliyi və suverenliyinə dəstəkdən danışan Blinken bu dəstəyin birbaşa Ermənistan ərazisində həyata keçiriləcəyini bildirib.

Ermənistanın sərhəd qüvvələrinin hazırlıq səviyyəsini artırmaq məqsədilə bir qrup ABŞ gömrükçü və sərhədçisinin bu ölkəyə gəlişi bəyan edilərkən də Azərbaycanın adı birbaşa çəkilməyib, yalnız dolayısı ilə bu mövzunun Azərbaycana da aid olduğu aydın olub.

Bununla belə, Xartiyanın mətnində bir cümlədə Azərbaycanın adı çəkilir: “ABŞ Ermənistan və Azərbaycan arasında sülh prosesini, o cümlədən 1991-ci il Alma-Ata Bəyannaməsinə əsaslanan demarkasiya prosesini dəstəkləyir”.

Blinkenin rəhbərlik etdiyi ABŞ Dövlət Departamentinin sülh prosesinə verdiyi dəstək və bunun nədən ibarət olduğu barədə çox yazılıb.

Sirr deyil ki, Blinkenin başçılığı altında ABŞ Dövlət Departamenti vasitəçilik prosesində manipulyasiyalarla ilə məşğul olub: Azərbaycana təzyiq göstərib, münaqişə tərəflərinə yanaşmada ayrı-seçkilik edib, Azərbaycanın ərazi bütövlüyünə, azərbaycanlıların hüquq və təhlükəsizliyinə məhəl qoymayıb, ermənilərin hüquq və təhlükəsizliyini daha vacib hesab edib.

Blinken Azərbaycan və Ermənistan arasında danışıqlar prosesində özündən sonra heç bir miras qoymayıb. Yalnız 2023-cü ilin avqustunda, yəni Ukrayna müharibəsinin getdiyi bir vaxtda ABŞ-ın Rusiya ilə təmasları istisna olmaqla...

Yuxarıda qeyd olunan səciyyələndirmə Xartiyanın bu cümləsi ilə təsdiqlənir: “Ermənistanın 2023-cü ilin sentyabrından köç böhranı ilə üzləşdiyini nəzərə alaraq, ABŞ Dağlıq Qarabağdan köçürülmüş şəxslərə və qaçqınlara yardım göstərmək üzrə Ermənistana dəstəyini davam etdirməyi planlaşdırır”.

Yəni Blinkenin təsəvvüründə qondarma “Dağlıq Qarabağ” hələ də var və sənədə daxil edilib! Xartiyanı Ermənistan Xarici İşlər Nazirliyinin rəhbəri də imzalayıb.

Əgər belədirsə, o zaman rəsmi Bakı beynəlxalq sənədlərə “Qərbi Azərbaycan” ifadəsini daxil etməlidir!

Bir sözlə, Blinkenin çıxışını dinləyəndən sonra onun bölgəyə yanaşmasında düzəlişlər etdiyinə ümid yaranmışdı, lakin Xartiyanın mətni açıqlandıqdan sonra heç nəyin dəyişmədiyi bəlli oldu.

Azərbaycanın mövqeyi Blinke və onun kimilərinin Qarabağla bağlı bütün cəhdlərini puça çıxardı.

Beləliklə, strateji tərəfdaşlıq Xartiyası ABŞ-ın ümumi yanaşmasının daha bir hissəsi oldu. Bu yanaşmanı O'Brayenin bəyan etdiyi üç bənd xarakterizə edir: Ermənistana yardım, Azərbaycanla sülh müqaviləsi və Qarabağ erməniləri məsələsi.

Tramp dövründə Azərbaycan diplomatiyası diqqətini ABŞ-ın mövqeyindəki bu triadanın dəyişdirilməsinə yönəltməlidir. Bu istiqamətdə fəaliyyətin nə qədər səmərəli olacağından asılı olmayaraq, Azərbaycanın regionda neqativ ssenarilərə qarşı dayanmaq və real təhlükələr zamanı qabaqlayıcı addımlar atmaq, belə desək, artıq mövcud olan və imzalanması gözlənilən müxtəlif Xartiya və Sazişlərin real gücünü yoxlamaq üçün resursları var.

@cssc_cqtm

CSSC Baku

14 Jan, 17:00


ABŞ - Ermənistan strateji tərəfdaşlığı barədə...

ABŞ və Ermənistan strateji tərəfdaşlıq haqqında sənəd imzalayır.

Trampın ABŞ seçkilərindəki qələbəsindən sonra gözlənildiyi kimi, Paşinyan hökuməti yeni administrasiyadan dəstəyi davam etdirə bilmək üçün ABŞ-la münasibətləri mümkün qədər institusionallaşdırmağa çalışır.

Yada salaq ki, hələ 2023-cü ilin sonundan ABŞ və Aİ Ermənistana tam dəstək kursu götürüb və nəticədə aprelin 5-də Brüsseldə sənəd imzalanıb. Şübhəsiz ki, bu, geosiyasi addımdır və o zaman Azərbaycan Prezidenti İlham Əliyevin də dediyi geosiyasi xəttin (Gürcüstan-Ermənistan) həyata keçirilməsini nəzərdə tutur.

Geosiyasi xətti formalaşdırmaq hələ ki, alınmasa da (Gürcüstanın Qərblə münasibətləri mürəkkəbləşib), Ermənistanla münasibətlərdə işlər qaydasındadır.

Prezident seçkilərindəki məğlubiyyətdən sonra Bayden administrasiyası Ermənistanla strateji münasibətləri rəsmiləşdirmək də daxil olmaqla son addımlarını atır. Bu, strateji tərəfdaşlıqdan irəli gələn öhdəlikləri (Paşinyan hökumətinə hərtərəfli dəstək və ABŞ-ın regiondakı siyasətini Ermənistanın maraqları ilə əlaqələndirmək) Tramp administrasiyasının üzərində yükləmək məqsədilə edilir.

Trampın Baydenin irsinə və ümumilikdə Demokratlara necə yanaşdığını nəzərə alsaq, vəziyyətin o qədər də aydın olmadığını söyləmək mümkündür. Bakı yeni administrasiyaya başa salmağa çalışmalıdır ki, ABŞ-ın Azərbaycana qarşı siyasətini erməni maraqları ilə əlaqələndirməyə davam etmək demokratların siyasətinin təkrarı olacaq.

Əsas sual budur:
Tramp və onun administrasiyası dondurulmuş statusla da olsa, hələ də KTMT-nin üzvü olan, Aİİ və Gİ-nin tamhüquqlu iştirakçısı, Rusiyanın ikitərəfli əsasda hərbi-siyasi müttəfiqi olan ölkəyə ABŞ-ın yardımı ilə barışacaqlarmı?!

Paşinyan Trampa sədaqətini nümayiş etdirmək, davamlı dəstək və yardımı əldən verməmək üçün bütün bu sadalananlardan yalnız KTMT üzvlüyünü qurban verə biləcək.

Rusiya Ermənistanın KTMT-yə üzvlüyünü Aİİ çərçivəsində aldığı iqtisadi üstünlüklərlə əlaqələndirib. Görək Ermənistanın KTMT-dən rəsmi çıxacağı təqdirdə Rusiya nə dərəcədə ardıcıl olacaq.

KTMT-də ABŞ-ın yeni strateji tərəfdaşı olacaq: Onların sayı artıq ikidir - Qazaxıstan və Ermənistan.

İranla sərhəddə də ABŞ-ın yeni strateji tərəfdaşı peyda olacaq.


Paşinyan ABŞ-la strateji tərəfdaşlıq haqqında sənəd imzalamaqla ölkə daxilində mövqelərini möhkəmləndirir. Bu, erkən parlament seçkilərinin keçirilməsi lehinə daha bir arqumentdir.

Azərbaycan üçün ABŞ və Ermənistan arasında bu sənədin imzalanması yeni xəbər deyil. ABŞ-ın Ermənistan hökumətinə yardım və dəstək səviyyəsi gec-tez münasibətlərin rəsmiləşməsinə səbəb olmalı idi. Bakının xəbərdarlıqlarına baxmayaraq, Blinkenin rəhbərlik etdiyi Dövlət Departamenti indiyədək erməni mərkəzli siyasət yürüdüb ki, bu da həm ABŞ-ın Azərbaycanla münasibətlərində, həm də şəxi müstəvidə böhranlı məqamlara səbəb olub. Prosesin yekunu olaraq, Ermənistan strateji tərəfdaşlıq haqqında sənəd imzalamaqla Blinken son erməni mərkəzli addımını atmış olur.

Ümid edək ki, ABŞ-ın Ermənistanla strateji tərəfdaşlığına dair sənədin mətni açıqlanacaq və nəhayət, sənəddə hansı strateji əməkdaşlıq sahələrinin və tərəflərin öhdəliklərinin qeyd edildiyini öyrənəcəyik.

Bakı üçün əsas odur ki, Tramp administrasiyası Ermənistanla razılaşmalara nə dərəcədə əməl edəcək, Ermənistan üçün “açıq çek” siyasəti davam etdiriləcəkmi, ABŞ-Azərbaycan münasibətləri ABŞ-Ermənistan münasibətlərindən asılı qalacaqmı?!

Bu suallara ilin birinci yarısında, ABŞ-da Tramp administrasiyasının əsas xarici siyasət rəsmiləri öz yanaşmalarını formalaşdırdıqdan sonra cavab alacağıq. Bununla yanaşı, regionumuzla münasibətlərə Ukrayna, Yaxın Şərq/İrandakı proseslər, ABŞ-ın Aİ ilə münasibətləri və s. təsir edəcək.

Qarşıda isə bizi Azərbaycan ərazisində cinayət törətməkdə ittiham olunan Ermənistan vətəndaşlarının məhkəmələri, kənar vasitəçilərin olmadığı ikitərəfli danışıqlar formatının davamı gözləyir!

@cssc_cqtm

CSSC Baku

13 Jan, 17:00


Rusiya - İran yaxınlaşması Cənubi Qafqaz üçün nə deməkdir?

Yanvarın 17-də Rusiya və İran 47 maddədən ibarət, əməkdaşlığın bir çox sahələrini əhatə edən hərtərəfli strateji tərəfdaşlıq sazişi imzalamağa hazırlaşır.

Bütün bunlar Trampın andiçmə mərasiminə bir neçə gün qalmış baş verir ki, bu da hadisənin əhəmiyyətini artırır.

Qlobal kontekstdə ən çox maraq doğuran məqamlar təhlükəsizlik, hərbi-texniki əməkdaşlıq və öhdəliklərdir. Əsas sual isə saziş imzalandıqdan sonra bu mövzular üzrə hansı yeniliklərin olacağıdır.

Bu gün İran Rusiyaya silah ötürür, baxmayaraq ki, vaxtaşırı bunu təkzib edir. Rusiya İrana beşinci nəsil qırıcılar üçün texnologiyalar və ya hava hücumundan müdafiə sistemləri üçün komponentlər təqdim edir. İran və Rusiya hərbçiləri həm Müdafiə Nazirlikləri, həm də SEPAH xəttilə məsləhətləşmələr aparırlar. Yəni, əksər mövzularda saziş çoxdan mövcud olan əməkdaşlığı rəsmiləşdirəcək və mövcud ikitərəfli qarşılıqlı fəaliyyətə legitimlik verəcək.

Bəs qarşılıqlı öhdəliklər sənəddə necə əks olunacaq? Tərəflər həqiqətən də üçüncü dövlətlərin hücumuna qarşı bir-birini qorumaq öhdəliyini öz üzərinə götürəcəkmi? Bu, Rusiya ilə Şimali Koreya arasındakı razılaşmada əks olunsa da, İranla sazişdə ehtimal ki, olmayacaq!

ABŞ və İsrail tərəfindən İran ərazisinə zərbələr endirmək təhlükəsi olduğu bir şəraitdə Rusiya İranı müdafiə etmək öhdəliyini üzərinə götürməyəcək. İran isə Ukraynanın Kursk bölgəsini işğalını Rusiyanı müdafiə etmək üçün səbəb kimi görməyəcək. Hər halda bu, hərbi ittifaq deyil, strateji tərəfdaşlıq müqaviləsidir.

Qlobal səviyyədə maraqlı olan növbəti element Çindir.
Pekinin iki əsas tərəfdaşı strateji tərəfdaşlıq danışıqları aparır. Görək bu saziş Moskva və Tehranın Pekinlə münasibətlərinə necə təsir edəcək, burada məsələ birmənalı deyil. İlk baxışda tərəfdaş ölkələrin qarşılıqlı inteqrasiyası prosesi gedir. Lakin bu cür razılaşmalar Çinlə münasibətlərdə Rusiya və İranın subyekliyini artırır.

Bu müqavilə Cənubi Qafqaz üçün nə deməkdir?

Rusiya və İran arasında razılaşmalar spesifik xarakterlidir, çünki hər iki ölkənin bir-biri haqqında davamlı stereotipləri var. Cari razılaşma daha çox situativdir.

Bu gün Yaxın Şərqdə ən çox itki verən iki ölkə Rusiya və İrandır, onların mövqeləri zəifləməkdə davam edir.

Suriyadan sonra Türkiyə ilə bu və ya digər dərəcədə Cənubi Qafqaza da şamil edilən razılaşmalar formatı iflasa uğradı. Ankaranın bölgəmizdə artan təsirinin qarşısını almaq üçün Moskva və Tehranın birgə səyləri ən real ssenaridir. Bu kontekstdə uğur qazana biləcəkləri yeganə ölkə isə Ermənistandır.

Aİİ ilə İran arasında münasibətlərin dərinləşməsi, Rusiya ilə İran arasında mövcud razılaşma Ermənistana qarşı təzyiqi daha da gücləndirir, xüsusən də Ermənistan rəhbərliyinin tələsik elan edilmiş Avropa inteqrasiyası, müdafiə sahəsində ABŞ və Fransanın iştirakını artırması fonunda. Hətta güman etmək olar ki, İran da Ermənistanın KTMT-dən ayrılmasına qarşı çıxacaq. Bu baş verərsə, İran özünü Ermənistana hərbi müttəfiq kimi sırımağa çalışacaq. Yəni Rusiyanın Ermənistanda təsirinin azalması ancaq İranın mövcudluğunun artması şərtilə qəbul edilə bilər.

Ermənistan üçün çətin seçim dövrü gəlir, belə ki, Paşinyanın xarici siyasətində şaxələndirmə ABŞ və Aİ-nin Ermənistandakı rolunu və yerini artırmaqdan ibarət olduğu halda, Rusiya və İran üçün konsensus Qərbin regiondakı rolunu azaltmaqdan ibarətdir.

Bu kontekstdə Bakı və Tbilisinin mövqeyi hazırda Moskva və Tehran üçün qənaətbəxşdir. Burada rəqabətin çərçivəsi yalnız Türkiyə ilə məhdudlaşır.

Gözlənilən razılaşma Şimal-Cənub və Zəngəzur nəqliyyat dəhlizlərinə
(həm Ermənistandan, həm də İrandan keçməklə) nə dərəcədə təsir edəcək?!

Yaxın gələcəkdə cavabını alacağımız sual budur. Güman ki, İranın mövqeyi dəyişəcək və ən azından bəyanatlar səviyyəsində müəyyən aktivlik olacaq. Bunun reallığa nə dərəcədə təsir edəcəyi Tramp hakimiyyətinin ilk 100 günündən sonra yaranacaq vəziyyətdən asılı olacaq.

@cssc_cqtm

CSSC Baku

10 Jan, 06:27


Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin (CQTM) direktoru Fərhad Məmmədov İctimai TV-nin efirində gedən "Diqqət Mərkəzi" verilişində "Güclünün hər zaman haqlı olduğu yeni dünya düzəni formalaşır" mövzusunda fikirlərini bölüşüb.

Daha ətraflı: https://www.youtube.com/watch?v=CY2qZ_xL9nI

CSSC Baku

08 Jan, 17:00


2025-ci ildə Ermənistanla münasibətlərin əsas məqamları

Azərbaycan Prezidenti İlham Əliyevin üç dildə müsahibəsində Ermənistanla münasibətlər mövzusuna həm ikitərəfli əlaqələr, həm də regional proseslər kontekstində diqqət yetirildi.

Sülh müqaviləsinə dair...

Azərbaycanın şərtləri ötən ilin sonunda ifadə olunub (2*2):

- birbaşa sazişdə bu, üçüncü qüvvələrin sərhədə yaxınlaşmasına imkan verməmək və beynəlxalq instansiyalarda qarşılıqlı iddialardan əl çəkmək;

- sülh prosesində isə sazişin imzalanmasından əvvəl ATƏT-in Minsk qrupunun buraxılması və Konstitusiyaya düzəlişlərin edilməsidir.

Prezident İlham Əliyev qeyd etdi ki, mövqe dəyişməyəcək və onu dəyişə biləcək heç bir xarici qüvvə yoxdur. Azərbaycanın yanaşması belədir: Əgər Ermənistana sülh müqaviləsi lazım deyilsə, deməli, bizə də lazım deyil. Biz onu imzalamadan da yaşaya və siyasətimizi davam etdirə bilərik.

Ermənistanın demilitarizasiyası

Prezidentin çıxışlarında bu mövzuya geniş yer verilir ki, bu da məsələnin olduqca vacibliyini göstərir. Vaxtilə dövlət başçısı Fransadən gələn neqativ barədə xəbərdarlıq etmiş, yalnız il yarım sonra Makronun Qarabağda olmayan hadisələri tanımaqla Azərbaycanı təhdid etdiyini açıqlamışdı. Bu o deməkdir ki, demilitarizasiya mövzusunda da hələ açıqlanmayan bir sıra məqamlar var. Prinsipcə, onlardan bəzilərini təxmin etmək olar:

- Qərbdə çoxları deyir ki, Azərbaycan bu tələbi ilə “həddi aşır”. Ermənistan suveren dövlətdir və silah əldə etmək hüququna malikdir.

Bəli, bu doğrudur. Amma Ermənistanın qurucusu Levon Ter-Petrosyanın dediyi kimi, bu dövlətin yaradılış ideologiyasının əsasında “azərbaycanlılardan təmizlənmiş ölkə” kimi nasist bir prinsip dayanır. Ermənistan Konstitusiyasında isə ərazi iddiası var. Bu gün Paşinyan hakimiyyətdədir, bəs sabah?! Silahlar Paşinyandan sonra da Ermənistanda qalacaq. Gəlin Ermənistan müxalifətinə baxaq, istər rusiyapərəst olsun, istərsə də Qərbpərəst - hamısı revanşistdir, yəni indi əldə edilən silahlar gələcəkdə təhlükə yaradacaq.

- Azərbaycan Prezidenti qlobal geosiyasətdə baş verən dəyişiklikləri və bu kontekstdə Ermənistanın hərbiləşdirilməsinin yeni çalarlarını vurğuladı. Ermənistan 25 ildir ki, Rusiya tərəfindən proksi kimi istifadə olunur və indi Fransa, Hindistan, İran və ABŞ-a yönləndirilir. Sabah bu dövlətlərin Ermənistanı Azərbaycana qarşı proksi kimi istifadə etməyəcəyinə zəmanət varmı?!

- Azərbaycan və Ermənistanın hərbi büdcələrinin fərqi ilə bağlı arqumentlər aktual deyil. Çünki Paşinyan 2019-cu ildə bu fərqin daha çox olduğu bir vaxtda da Qarabağda “miatsum” bağırırdı.

Ermənistan Azərbaycanın Aİ və Fransa ilə münasibətlərində mövzuya çevrilib. Bu bir reallıqdır, çünki Aİ və Fransa bu istiqamətdə hər cür səy göstərib. Üstəlik, bu səylər daha çox Qarabağa görə idi. Bakı Fransanın BMT Təhlükəsizlik Şurası və Qranada bəyanatındakı “xidmətlərini” unutmayıb. Biz Aİ-yə xəbərdarlıq etmişdik ki, belə bir siyasət uğursuzluğa gətirib çıxaracaq və vəziyyəti daha da çətinləşdirəcək.

Aİ-nin Ermənistandakı missiyası Bakını qıcıqlandırır və prezident bunu, eləcə də sərhədə baş çəkən xarici dövlət başçılarını xüsusilə qeyd etdi. Görünür, Bakı Ermənistandan gələn təhlükəni neytrallaşdırmaq üçün Aİ missiyasının maneə olmadığını göstərməyə hazırdır.

Sərhəd barədə...

Hökumət komissiyalarının növbəti iclası gözlənilir və bu, müsbət haldır. Azərbaycanın təklif etdiyi metodologiya İrəvan tərəfindən şifahi şəkildə qəbul edilib. Prinsipcə, sərhəd komissiyası, əslində, danışıqlar üçün yeganə substantiv platforma olaraq qalır.

De-fakto sülh vəziyyəti yaxın gələcəyin reallığıdır. Bəlli oldu ki, sülh müqaviləsi Ermənistan Konstitusiyası dəyişdirilənə qədər təxirə salınıb. Deməli, biz faktiki sülhü gücləndirmək barədə düşünməli, bu müddətdən ziddiyyətləri həll etmək üçün istifadə etməliyik. ATƏT-in Minsk Qrupunun buraxılması, Aİ-nin Ermənistandakı missiyasının formatının dəyişdirilməsi, sərhəddə yeni sahələrin delimitasiyası və hərbiləşmənin dayandırlması bu işdə kömək edə bilər.

@cssc_cqtm

CSSC Baku

06 Jan, 17:00


2025: Nə ilə başlayırıq?

2025-ci il üçün Azərbaycan ətrafındakı vəziyyəti şərtləndirən amillərin əksəriyyəti ötən ilin sonlarında formalaşıb və yaxın perspektivə təsir edəcək.

Rusiya ilə münasibətlərdə fasilə gözlənilir. Kreml Azərbaycanın mülki təyyarəsinə edilən hücuma görə günahını etiraf etməyib. İlk hesabat üçün araşdırma müddəti 30 gündür, yəni yanvarın sonuna kimi təyyarə qəzasının səbəblərinə aydınlıq gətirilməlidir. Bir çox skeptiklər Braziliyanı qara qutuların göndərilməsi üçün doğru ünvan hesab etmirlər. Lakin Braziliya bu təyyarələri istehsal edən ölkədir və Bakı kimi onlar üçün də təyyarənin texniki nasazlıqlara görə yox, kənar təsirlərə görə qəzaya uğradığını müəyyən etmək vacibdir.

Əgər Kreml Azərbaycan Prezidenti İlham Əliyevin səsləndirdiyi tələblər çərçivəsində tədbirlər görməzsə, o zaman Bakı növbəti addımlarını müəyyən etmək üçün Rusiya ilə münasibətlərə fasilə verəcək. Bu mövzu münasibətlərdə izsiz qalmayacaq. Artıq demək olar ki, Bakı ilə Moskva arasında münasibətlər əvvəlki kimi olmayacaq, onların necə olacağı isə Kremlin ilk hesabatdan əvvəl və ya sonrakı davranışından asılı olacaq.

Türkiyə ilə münasibətlər ardıcıl olaraq müsbətdir. Yeni mövzu ortaya çıxır - Suriya və Azərbaycan bu mövzuda fəal iştirak edəcək. Bu, Ankara üçün TDT çərçivəsində Suriyaya münasibət kontekstində lazımdır. Azərbaycan üçün isə qonşuluqda siyasi qarşılıqlı fəaliyyətin və iqtisadi fəallığın genişləndirilməsi üçün imkanlar açılır.

Türkiyə ilə münasibətlərdə Ermənistan mövzusu aktuallığını itirəcək, çünki Türkiyə və ABŞ münasibətlərində Ermənistan mövzusu artıq prioritetlər arasında deyil.

İran problemli olaraq qalacaq, lakin Tehran kirpisinin iynələri artıq əvvəlki kimi deyil. Əzilmiş İran hələ də təhlükə yaradır, çünki onun proksi dəstələri artıq İranın öz ərazisinə gəlib və istifadə oluna bilər. Bununla belə, İranın şərqi, cənubu və qərbi ən kəskin gərginliyin yarandığı yerlərdir, şimalı isə ən proqnozlaşdırıla bilən bölgə olaraq qalır. Güman etmək olar ki, Bakıya müsbət mesajlar verən elçilər göndəriləcək. Mesajların Xamneinin özündən gəlməsi Bakı üçün vacibdir və şəxsən özünün ifadə etməsi arzuolunandır. İran XİN və hətta prezidentlə danışıqlar Xamneinin şəxsi təsdiqi olmadan ciddi sayıla bilməz!

Qərblə transformasiya gözlənilir. Təyyarə faciəsi və Prezident İlham Əliyevin prinsipial reaksiyası Qərb paytaxtlarına şok effekti yaratdı. Biz azərbaycanlılar üçün Azərbaycan Prezidentinin prinsipial mövqeyi yeni bir şey deyil, normadır. Lakin Qərb paytaxtlarında belə bir stereotip kök salmışdı ki, Bakı Moskva ilə əlbirdir. İndi isə bunun heç də belə olmadığı üzə çıxdı, daha bir stereotip məhv edildi!

Azərbaycan Prezidentinin prinsipiallığı daimi tendensiyadır və bu, milli maraqların mütləq prioritet olduğu xarici siyasətin bütün sahələrinə aiddir. Beynəlxalq münasibətlərdə prinsipiallıq iradə, resurslar və zaman hissi tələb edir. Prezident İlham Əliyevdə bu keyfiyyətlər kifayət qədərdir.

Azərbaycan Prezidenti Yeni il təbrikində Ermənistanın hərbiləşdirilməsinə və regionda silahlanma yarışına geniş yer ayırıb. Şübhəsiz ki, dövlət başçısı daha məlumatlıdır və Ermənistanın hərbiləşdirilməsi mövzusuna çox vaxt ayrılırsa, deməli, bunun əhəmiyyəti var. Bu kontekstdə mesaj həm Ermənistan rəhbərliyinə, həm də Ermənistanı silahlandıran havadarlarına yönəlib.

Unutmayaq ki, hərbi büdcə fərqi 3-4 dəfə Azərbaycanın xeyrinə olanda belə Paşinyan Qarabağda “Miatsum” deyə qışqırırdı; Həmin Paşinyan 2023-cü ilin sentyabrına qədər Qarabağda Ermənistan Silahlı Qüvvələrinin qalıqlarını silahlandırmaq və maliyyələşdirməkdə davam edirdi, halbuki o zaman artıq vəziyyətin ümidsizliyi aydın idi.

Bakı qəti şəkildə əmindir ki, Ermənistan növbəti dəfə geosiyasi qarşıdurma alətinə çevrilir. Azərbaycan buna yol verə bilməz və bununla bağlı xəbərdarlıqlar çox aydındır. Sülh prosesi şəffaflaşıb və İrəvandakılar gərginliyin qarşısını almaq üçün nə etmək, danışıqlar prosesinin konstruktiv axarına necə qayıtmaq lazım olduğunu bilirlər.

@cssc_cqtm

CSSC Baku

31 Dec, 05:00


Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin (CQTM) direktoru Fərhad Məmmədov Pressklub TV-nin efirində gedən “Əsas Sual” verilişində “2025-ci ildən gözləntilər: Nələr olacaq?” mövzusunda fikirlərini bölüşüb.

Daha ətraflı: https://www.youtube.com/watch?v=CzGpCuKuAgQ

CSSC Baku

29 Dec, 06:50


Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin (CQTM) direktoru Fərhad Məmmədov İctimai TV-nin efirində gedən Eldar Namazovun "Aydınlıq" verilişində Ermənistanla bağlı aktual sualları cavablandırıb.

Daha ətraflı: https://www.youtube.com/watch?v=4LsArIvwUr0

CSSC Baku

02 Dec, 17:00


Suriyada yeni status-kvo müəyyənləşir

Suriyada hərbi münaqişə artıq 13 ildən çoxdur ki, davam etməkdədir. 2011-ci ilin mart ayında ərəb baharı dalğası ilə ölkədə başlayan vətəndaş müharibəsi sonradan regional və regiondankənar qüvvələrin cəlb olunduğu çoxtərəfli qarşıdurmaya çevrildi. Bu qarşıdurma 2017-ci ildə Astana sülh prosesinin ortaya çıxması nəticəsində yeni mərhələyə qədəm qoydu. Belə ki, Türkiyə, İran və Rusiya arasında konsensusun əldə edilməsi ilə Suriyada müəyyən status-kvo formalaşdı.

Ölkə ərazisində bu razılaşmadan kənar qüvvələr də mövcuddur ki, onlardan ən mühümü Suriyanın Şimal-Şərqinə nəzarət edən ABŞ dəstəkli kürd qruplarıdır. Ölkənin əsasən cənub və mərkəzi hissəsi Rusiyanın azsaylı quru qoşunları və əlavə olaraq Hərbi Hava Qüvvləri, həmçinin İran proksiləri tərəfindən dəstəklənən Əsəd ordusunun nəzarəti altındadır. Suriyanın Şimal-Qərbinə isə Türkiyə ordusu və Ankaranın dəstəklədiyi silahlı qruplar (ən əsası “Heyət Təhrir əş-Şam”) nəzarət edir. Astana üçlüyü tərəflərinə tabe olan, eləcə də bu razılaşmadan kənar qüvvələrlə yanaşı, Suriyada digər silahlı dəstələr də mövcuddur ki, onlar azsaylı olduqları üçün proseslərə təsir imkanları olduqca məhduddur.

Bu il ərzində Türkiyə tərəfi Bəşər Əsədlə danışıqlar aparmaq üçün çoxsaylı cəhdlər etdi. O isə öz növbəsində əsasən Rusiya və İranın dəstəyinə arxalanaraq Ankara ilə birbaşa təmaslardan boyun qaçırdı. Bunun əvəzində Dəməşq digər ərəb dövlətləri ilə əlaqələrin bərpasına daha çox önəm verdiyini nümayiş etdirdi.

Halbuki, Ukraynadakı müharibə nəticəsində Rusiyanın, İsrailin Yaxın Şərqdəki hərbi əməliyyatları nəticəsində isə İranın zəifləməsi Suriyada yeni status-kvonun formalaşmasını labüd edirdi. Bu baxımdan, hazırki eskalasiya qanunauyğun xarakter daşıyır. Belə ki, qaçılmaz dəyişikliklərə danışıqlar yolu ilə nail olmaq cəhdləri nəticəsiz qaldığı üçün ölkədə yeni status-kvonun formalaşması hərbi yolla baş verir.

Lakin bunun üçün hərbi qruplar öz imkanlarının maksimumuna çatmalıdır ki, yeni status-kvo formalaşsın. Yalnız bundan sonra yerdə yaranacaq yeni vəziyyət danışıqlar masası arxasında öz təsdiqini tapmalıdır. Sözügedən danışıqlar isə, İran XİN rəhbərinin Türkiyəyə səfəri fonunda, artıq Tehran və Ankara arasında getməkdədir.

Hazırda “Təhrir əş-Şam”ın ən zəif tərəfi havada hələ də Rusiyanın hökmranlıq etməsidir. Əgər yaxın müddətdə bu üstünlüyün qarşısı alınmazsa, yerdə yeni status-kvo daha tez bərqərar olacaq.

Beləliklə də, yekun olaraq iki mühüm məqamı vurğulamaq vacibdir:

- Türkiyə Qəzza və Livanda gözlənilən həllərdən kənar qaldığı üçün Suriyada öz rolunu artırmaq niyyətindədir. İndiyədək mövcud olan konsensusun digər tərəfləri - Rusiya və İranın zəifləməsi də bunu labüd edir.

- Digər tərəfdən, bir çox münaqişə bölgələrində olduğu kimi, Suriyada da tərəflər yanvarın 20-dək öz mövqelərini gücləndirməyə və yeni reallıq yaratmağa çalışırlar ki, Tramp administrasiyası öz gələcək siyasətini məhz bu reallığa uyğun formalaşdırsın.

@cssc_cqtm

CSSC Baku

25 Nov, 17:01


Dekabr gözləntiləri: Sülh danışıqları hansı nöqtədən bərba olunur?

Son həftələr ərzində dünya gündəminin başlıca mövzularından birinə çevrilən və Azərbaycan-Ermənistan sülh danışıqlarında fasiləyə səbəb olan COP29 İqlim Konfransı başa çatdı. Rəsmi İrəvan bu tədbirin Bakıda keçirilməsinə səs versə də, iştirak üçün şərt irəli sürdü və yalnız Azərbaycanda həbsdə olan bəzi Ermənistan vətəndaşlarının azad ediləcəyi halda COP29-a qatılacağını bəyan etdi. Azərbaycanın hər hansı bir şərti rədd etməsinin ardından Ermənistan tədbirdə iştirak etməmək qərarına gəldi. Bununla da, ötən ilin 7 dekabrından başlayan xoşməramlı addımlar zənciri qırıldı.

Lakin buna baxmayaraq, artıq qarşıdan gələn dekabr ayında Bakı və İrəvan arasında nizamlanma prosesindəki aktivliyin bərpa ediləcəyi gözlənilir. İndiyədək hər iki tərəfdən sülh sazişi mətninin böyük hissəsinin razılaşdırıldığı barədə rəsmi açıqlamalar verilib. Odur ki, dekabr danışıqlarının əsas mövzuları hələ də ortaq məxrəcin tapılmadığı məsələlər və onların mümkün sazişdə necə öz əksini tapması olacaq. Həmin məsələləri bir daha xatırlatmaq yerinə düşər.

Paşinyan həftəsonu Ermənistanın İctimai Televiziyasına verdiyi müsahibədə hazırda tərəflər arasında yekun razılaşmaya mane olan üç əsas mövzunu vurğulayıb. Bunlar Ermənistan Konstitusiyası, qarşılıqlı məhkəmə iddiaları və Ermənistandakı Aİ missiyasının simasında xarici güclərin ikitərəfli münasibətlərə müdaxiləsi məsələsidir.

Paşinyan Ermənistan Konstitusiyasına dəyişikləri, xüsusilə də Azərbaycana qarşı ərazi iddialarını özündə əks etdirən Müstəqillik Bəyannaməsinə istinadın əsas qanundan çıxarılmasını prinsipcə istisna etmir. Lakin baş nazir hələ ki, yalnız yayındırıcı manevrlərlə məşğuldur. Bəyannamənin bəzi müddəalarının hüquqi qüvvəyə malik olmamasına dair Ermənistan Konstitusiya Məhkəməsinin qərarı buna misaldır. Halbuki, Bakı İrəvandan bu mövzuda real addımlar gözləyir. Ən azından, indiyədək Paşinyan hökuməti parlament çoxluğundan istifadə edib Ermənistan Ali Sovetinin 1992-ci il qərarlarını ləğv edə bilərdi. Amma İrəvan nəinki öz qanunvericiliyini Azərbaycana qarşı ərazi iddialarından təmizləmir, hətta qarşı tərəfin Konstitusiyasında da “gizli ərazi iddiaları” axtarır.

Azərbaycan və Ermənistan tərəfindən beynəlxalq məhkəmələrdə qaldırılmış qarşılıqlı iddialarına gəlincə, Paşinyanın sözlərinə görə, Ermənistan bu iddialardan yalnız sülh razılaşması əldə olunduqda imtina etməyə hazırdır. Onun fikrincə, tərəflər ancaq keçmişdəki hadisələrlə bağlı bir-biri ilə məhkəmə çəkişmələrindən imtina etməli, lakin onların gələcəkdə yarana biləcək mübahisələrə dair beynəlxalq arbitraja müraciət etmək hüququ məhdudlaşdırılmamalıdır.

Ermənistan ərazisindəki Aİ missiyasına gəlincə, Azərbaycan hazırda sülh danışıqları masası arxasında ancaq iki tərəfin əyləşdiyi kimi, yerdə də yalnız iki tərəfin olmasını labüd hesab edir. Ermənistan Azərbaycanın bu tələbindən istifadə edərək Rusiya sərhədçilərini şərti sərhəddən çıxarıb, lakin avropalılarla bağlı analoji addım atılmayıb. Paşinyan son açıqlamasında Bakı ilə sərhədlərin delemitasiyasını davam etdirmək niyyətini təsdiqləyib və artıq delimitasiya olunmuş sərhəd ərazilərindən Aİ missiyasını kənarlaşdırmağı təklif edib.

Qeyd olunanlarla yanaşı, ATƏT-in Minsk qrupunun ləğvi məsələsi də dekabr danışıqlarının mövzusu olacaq. Ermənistanın bu məsələ ilə əlaqədar sərgilədiyi mövqe onun davamlı sülh istəyində səmimiliyinə şübhə yaradır. Belə ki, əsasən Qarabağın statusunun müəyyənləşdirilməsi məqsədilə yaradılmış bu təsisatın saxlanılmasında İrəvanın hələ də maraqlı olması məntiqəuyğun deyil.

Əlbəttə ki, Minsk qrupunun ləğvi ilə bağlı Ermənistanın yanaşmasında həmsədrlərdən biri olan Fransanın kölgəsi açıq-aydın görünür. İrəvanın maraqlarını beynəlxalq məhkəmələrdə təmsil edən vəkillərin arasında xeyli fransız hüquqşünasın olmasını da nəzərə alsaq, Parisin sülh prosesinə necə əngəl törətməsi aydın olur.

@cssc_cqtm

CSSC Baku

20 Nov, 19:01


Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin (CQTM) direktoru Fərhad Məmmədov İctimai TV-nin efirində gedən "Diqqət Mərkəzi" verilişində "Rusiya nüvə silahı ilə blef edir?" mövzusundakı müzakirələrdə iştirak edib.

Daha ətraflı: https://youtu.be/se88iz_OKLQ?si=C85SHh_VUkMpoRr2

CSSC Baku

18 Nov, 15:10


Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin (CQTM) direktoru Fərhad Məmmədov Pressklub TV-nin efirində gedən “Əsas Sual” verilişində “Bayden Rusiyanı vurmaq əmrini verdi” mövzusunda fikirlərini bölüşüb.

Daha ətraflı: https://www.youtube.com/live/qqgA3EOsQWs?si=3A-GuGLSNxdzopBq

CSSC Baku

14 Nov, 17:00


Fırtına öncəsi sakitlik...

ABŞ-ın yeni seçilmiş prezidenti Trampın əsas vəzifələrə təyinatları ilə bağlı xəbərlər bu günlərdə əsas müzakirə mövzusuna çevrilib. Bu başa düşüləndir, bütün dünyada rəsmilər kiminlə çalışacaqları ilə maraqlanırlar.

Münaqişə bölgələrində nisbi sakitlik hökm sürür, ölkələr öz mövqelərini formalaşdıraraq “yeni dövrə” hazırlaşır, hər kəs öz addımlarını hesablamağa çalışır. 2025-ci ilin yanvarında Trampın andiçmə mərasimi ilə ABŞ-da hakimiyyətin ötürülməsi prosesi başa çatana qədər ölkələr artıq müvafiq hazırlıqlarını görəcəklər. Trampın təyin etdiyi məmurlar Konqresdə və Senatda nisbətən tez təsdiqlənəcəklər, çünki respublikaçılar hər iki strukturda çoxluğa malikdirlər.

Təyin olunanlar arasında Respublikaçılar Partiyasında müxtəlif qrup və fraksiyaların nümayəndələri də var. Məqsəd bütün qrupların ümidlərini doğrultmaq, bir tərəfdən partiyanın konsolidasiyasını təmin etmək, digər tərəfdən isə bütün idarəetməni öz üzərinə götürməkdir.

Bununla belə, prosesin heç də rəvan getməyəcəyi gözlənilir. Məsələn, Milli Kəşfiyyatın direktoru vəzifəsinə namizədliyi irəli sürülən Tulsi Qabbarda hər iki tərəfin sualları olacaq. Təyin edilmiş şəxslərlə Tramp arasında fikir ayrılıqları mümkündür ki, bu da istefalara səbəb ola bilər.

Yeni administrasiyanın xarici siyasət üzrə prioritet mövzuları Rusiya ilə Ukrayna arasında müharibə, Çin, Yaxın Şərq böhranı, Avropa ilə münasibətlərdir. İlk addımların cəsarətlə həyata keçiriləcəyini güman etmək olar. Hər kəsin və hər işin yerindən tərpənəcəyi vaxt hardasa yazın əvvəlinə təsadüf edəcək.

Ona görə də “yerdə” vəziyyəti dəyişmək, vacib istiqamətlərdə mümkün qədər irəliləmək və gələn ilin əvvəli üçün dəyişikliklərə hazırlaşmaq cəhdləri edilir.

Cənubi Qafqaz regionu barədə...

Təyin olunanlar arasında Türkiyəyə qarşı çıxan çoxlu siyasətçilər var. Dövlət Departamentinin rəhbəri vəzifəsinə namizəd Rubio özünü ermənipərəst siyasətçi kimi göstərib. Bununla belə, Rubio eyni zamanda həm də anti-Rusiya mövqeyindədir... və ermənipərəstlik heç də həmişə Paşinyanyönümlü demək deyil, burada daha çox diasporun təsiri var.

Əgər Azərbaycanla Ermənistan arasında vəziyyət indiki faktiki sülh səviyyəsində qalsa, ABŞ-ın regiona marağı ilk vaxtlar o qədər də yüksək olmayacaq. Yeni Administrasiyanın bölgə ilə bağlı istifadə edəcəyi meyar önəmli olacaq. Mümkün meyarları və prioritetləri nəzərdən keçirək:

- Rusiyanı regiondan sıxışdırmaq: Bu meyar Bayden administrasiyası tərəfindən açıqlanıb, lakin nəticədə Rusiyanın bölgədəki hərbi mövcudluğunu məhdudlaşdırmaq üçün real addımlar atan Azərbaycan kənarda qalıb. ABŞ bütün dəstəyini 2022-ci ildə Putinin bölgədə Rusiyanın hərbi mövcudluğunu uzatmaq planlarına tərəfdar çıxan İrəvana verib, Ermənistanın KTMT-yə üzvlüyü Bayden administrasiyası tərəfindən hərbi əməkdaşlığın dərinləşməsinə maneə kimi qiymətləndirilməyib. Güman etmək olar ki, yeni administrasiyada ermənipərəst siyasətçilər vəziyyəti olduğu kimi saxlayacaqlar, lakin Ermənistan hakimiyyətinə ən azı iqtisadi baxımdan Rusiyadan uzaqlaşmaq üçün yeni şərtlərin irəli sürüləcəyi istisna deyil.

- İran mövzusu: Əgər Tramp administrasiyasının Rusiya mövzusunda dialoq imkanı varsa, İranla bağlı praktiki olaraq heç bir şans yoxdur. Prinsipcə, Azərbaycanda İran çox azdır, yalnız Naxçıvana nəqliyyat kommunikasiyası layihəsi var. Ermənistanda isə İran getdikcə çoxalır. Baydenin dövründə buna göz yumdular, görək Tramp zamanında necə davranacaqlar.

- ABŞ və müttəfiqləri ilə münasibətlər: Trampın dövründə regiona münasibət birbaşa ABŞ və müttəfiqlərinin maraqları çərçivəsində nəzərdən keçiriləcək. Burada İsrailin mövqeyi böyük əhəmiyyət kəsb edəcək. Əgər Bayden dövründə Brüssel və Vaşinqton arasında daha çox koordinasiya var idisə, Trampın Avropadakı müttəfiqləri Böyük Britaniya və Macarıstandır; Üstəlik, regiona qarşı praqmatizm də artacaq ki, bu da Bakı və Tbilisinin xeyrinədir.

Bir sözlə, əsas mövzular üzrə ilk addımların necə olacağı vacibdir. ABŞ-ın Cənubi Qafqazla bağlı mövqeyi məhz bu addımlardan asılı olaraq formalaşacaq.

@cssc_cqtm

CSSC Baku

13 Nov, 13:28


Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin (CQTM) direktoru Fərhad Məmmədov İctimai TV-nin efirində gedən "Diqqət Mərkəzi" verilişində "COP29-un görünməyən tərəfləri: Azərbaycana qarşı qarayaxma kampaniyasının arxasında kim dayanıb?" mövzusundakı müzakirələrdə iştirak edib.

Daha ətraflı: https://www.youtube.com/watch?v=CpEWnZEXvZw

CSSC Baku

08 Nov, 17:00


Paşinyanın növbəti sınağı

Trampın ABŞ-da hakimiyyətə gəlməsi qlobal proseslərə multiplikativ təsir göstərəcək və bu, təbii ki, regionumuzda da öz əksini tapacaq. Trampın ABŞ-Avropa münasibətləri və Ukraynadakı müharibəyə dair mövqeyilə yanaşı, onun Yaxın Şərq böhranı və İsrail-İran münaqişəsinə yanaşması da geniş müzakirə olunur.

ABŞ ənənəvi olaraq İsraili silah təchizatı ilə dəstəkləyib. Yəməndə İranın proksilərinin dəniz ticarəti yollarında hərəkət edən gəmilərə hücumlarından sonra ABŞ Yəməndə husilərə qarşı zərbələr endirməyə başlayıb. Vaşinqton İranın İsrailə hücumunun dəf edilməsində də birbaşa iştirak edib. Lakin ABŞ İsrailin İrana hücumunda rəsmən iştirak etməyib.

Yəni öz ərazisinə və hava məkanına nəzarət etməyən dövlətlərin ərazisində İranın proksi qüvvələrinə zərbələr endirməkdə ABŞ-ın bilavasitə iştirakı var. Lakin birbaşa İran ərazisinə zərbələr artıq başqa bir qarşıdurma səviyyəsidir və ABŞ hələ ki, bu səviyyəyə çatmayıb.

Trampın dövründə İsrailə silah tədarükü dayanmayacaq, bəlkə daha da artacaq. Belə görünür ki, ABŞ İrana birbaşa zərbə endirmək səviyyəsinə qalxmayacaq. Suriya, Livan, İraq və Yəməndəki müqavimət oxu çətin anlar yaşayacaq. Bu qruplar tam şəkildə təqib ediləcək. İranın regionda təsirini azaltmaq ABŞ-ın maraqlarına uyğundur və bu məqsədə yalnız Tehranın proksi qruplarının hərbi infrastrukturunu dağıtmaqla nail olmaq mümkündür.

İran da öz növbəsində İsrailə mümkün hücum mövzusunda ABŞ-la sövdələşməyə çalışacaq, lakin bunun heç bir nəticəsi olmayacaq.

İran tərəfi seçkilər ərəfəsində verdiyi açıqlamalar və İsrailə zərbənin qaçılmazlığına dair bəyanatları ilə Trampın əlinə oynayıb.

Trampın Yaxın Şərqdə İrana qarşı mübarizə təcrübəsi var. Birinci dövründə o, bəzi ərəb monarxiyalarının İsraillə normallaşmasını rəsmiləşdirdi, onları silahla təmin etdi və neftin qiyməti ilə bağlı məsələlərin həlli yollarını tapdı. Baydenin prezidentliyi dövründə Çin təşəbbüsü öz əlinə aldı, Səudiyyə Ərəbistanı, BƏƏ və Bəhreyni İranla barışdıraraq Trampın nailiyyətlərini təkrarladı.

Belə görünür ki, Tramp Körfəz monarxiyaları ilə İsraili Qəzzaya nəzarətə cəlb etməklə münasibətləri normallaşdırmağa davam edəcək. Bununla yanaşı, Körfəz monarxiyaları Suriya, Livan, İraq və Yəməndə iranyönlü qüvvələrin hərbi infrastrukturunun dağıdılmasının əleyhinə deyillər. Onlar İranla qarşıdurmaya getməyəcəklər, lakin İranın bölgədə məhdudlaşdırılmasına qarşı çıxmayacaqlar.

Odur ki, yaxın həftələrdə və aylarda Yaxın Şərqdə onsuz da gərgin olan vəziyyətin daha da gərginləşəcəyini proqnozlaşdırmaq olar. Bayden Administrasiyası İranla əlaqə kanallarını qoruyub saxlayır, İran-İsrail zərbələrini yumuşatmağa çalışırdı. Trampın dövründə isə vəziyyət dəyişəcək.

Cənubi Qafqaz regionunda ABŞ Ermənistanla hərbi əməkdaşlığı artırıb. Ermənistan Müdafiə Nazirliyində ABŞ-ın hərbi müşavirinin əyləşməsi İran üçün xoşagəlməz haldır. Lakin Tehran üçün bu faktın özü Bayden və Tramp dövründə iki fərqli məna daşıyır.

Ermənistanın xarici siyasət prioritetlərini dəyişməsi Paşinyanın Rusiya ilə Qərb arasında qalmaqla ilk sınağına səbəb oldu. Etiraf edək ki, Paşinyan bu sınağa tab gətirdi. Tezliklə ABŞ-la İran arasında növbəti gərginlik dövrü başlayacaq və Ermənistanın ABŞ ilə hərbi əlaqələrinin fəallaşması İranın reaksiyasına səbəb olacaq. Məhz bu zaman Paşinyan Vaşinqtonla Tehran arasında qalaraq ikinci analoji sınaqla üzləşəcək.

İran artıq il yarımdır ki, Ermənistana hərbi saziş imzalamağı təklif edir. Layihə İrəvanın müraciəti əsasında İran silahlı qüvvələrinin Ermənistana yerləşdirilməsini nəzərdə tutur. Əgər əvvəllər Ermənistan nümayəndələri Rusiya sərhədçilərinin Ermənistan-İran sərhəddində olmasını bəhanə gətirərək belə bir sazişi imzalamaqdan imtina edirdilərsə, 2025-ci il yanvarın 1-dən Meğridəki sərhəd məntəqəsi Ermənistanın nəzarətinə keçdikdən sonra İran, şübhəsiz ki, öz təklifini yenidən gündəmə gətirəcək.

Beləliklə, Ermənistanın növbəti çağırışa necə reaksiya verəcəyini maraqla izləyəcəyik.

@cssc_cqtm

CSSC Baku

07 Nov, 17:01


Avropa Siyasi Birliyi: Mühüm seçim qarşısında

Bu gün Budapeştdə Avropa Siyasi Birliyinin (ASB) növbəti sammiti işə başladı. Əvvəllər də qeyd etdiyimiz kimi, ASB Ukraynadakı müharibədən sonra ATƏT-i əvəz etmək təşəbbüsüdür. Burada əsas meyar siyasi çalarlara malik coğrafi amildir: ABŞ, Kanada, Rusiya, Belarus və Mərkəzi Asiya ölkələri istisna olmaqla, bütün ATƏT üzvləri görüşlərə dəvətlidir.

Böyük Britaniyanın da cəlb edildiyi ASB Avropa İttifaqının himayəsi altında olan sırf Avropa platformasıdır. Lakin artıq ikinci ildir ki, bu platforma çərçivəsində yalnız görüşlər keçirilir, nə institutlaşma var, nə gündəm yaradılıb, nə də sonrakı addımlar və perspektivə baxış təklif olunur.

ASB həmişə ABŞ-a tərəf boylanan Avropanın qərarsızlığının klassik göstəricisidir. Əgər ASB kimi forum yaradıblarsa, onda növbəti addım ATƏT-in buraxılması olmalıdır ki, biz bunu hələ görmürük. Halbuki, ATƏT öz resurslarını artıq tükəndirib, Avropada nə təhlükəsizlik, nə də əməkdaşlıq qalıb.

ATƏM ABŞ və SSRİ arasında razılaşmanın nəticəsi idi. Sonradan transformasiyaya uğrayaraq ATƏT-ə çevrilən təşkilat isə SSRİ-nin dağılması və ABŞ, Rusiya, Avropa arasındakı konsensusu əks etdirirdi.

Aİ nə qədər çalışsa da, Avropanın təhlükəsizlik məsələlərində aparıcı rol oynamağı heç vaxt bacarmayıb və hazırda da bacarmır.

Tramp seçiləndən sonra Avropa liderləri ABŞ-ın Avropaya təhlükəsizlik yardımının azalması, hətta kəsilməsi gözləntisi ilə üzləşiblər. Əslində, Avropa liderləri müstəqil hərəkət etmək, daha subyektiv olmaq, geosiyasi vahidə çevrilmək imkanı əldə etdiklərinə görə sevinməlidirlər.

Bu baxımdan, ASB forumu vacib bir suala cavab verməlidir: Forum sadəcə görüşlər çərçivəsindən kənara çıxıb, təhlükəsizlik və əməkdaşlıq qaydalarını inkişaf etdirən yeni, sırf Avropa münasibətlər sisteminin yaradılmasının carçısı olacaq, yoxsa hər şey ümumi fotolar, ümumi müzakirələr və ikitərəfli görüşlər səviyyəsində qalacaq?

Budapeştdə keçirilən ASB sammiti Macarıstanın Baş naziri, Türk Dünyası ordenli, yeni seçilmiş prezident Trampın dostu Viktor Orban üçün yaxşı fürsətdir. O, ABŞ seçkilərində düzgün tərəfi tutdu və indi öz seçiminin faydasını görəcək. Macarıstan Aİ-yə sədrlik edən ölkədir, lakin Aİ liderləri və xarici işlər nazirləri Budapeştdəki sammitlərə qatılmayıblar. İndi isə hamısı Macarıstan baş nazirinin yanında olacaq.

Azərbaycan Prezidenti İlham Əliyev ASB sammitində iştirak etməyəcək. Azərbaycan prezidentinin iş qrafiki gərgindir: O, Bişkekdən yenicə qayıdıb və sabah Vətən Müharibəsində Qələbə Günüdür. Gələn həftə isə COP29 çərçivəsində Bakı üçün maraqlı olan əsas Avropa liderlərinin - Böyük Britaniya və Macarıstan baş nazirlərinin paytaxtımıza səfərləri gözlənilir. Orbanla Bişkekdə də təmaslar olub.

Beləliklə də, Avropa çağırışa cavab verməlidir və ASB formatı bu cavabın rəsmiləşdirilə biləcəyi platformadır. Avropa ölkələri Aİ rəhbərliyindən qətiyyətli addımlar gözləyir, əks halda ASB sammitləri öz cəlbediciliyini itirəcək və etibarlılıq resursunu tükəndirəcək. ATƏT-in və onunla birlikdə ATƏT-in Minsk Qrupu kimi uğursuz formatların dağılması qaçılmazdır. Bu nə qədər tez baş versə, Avropa bir o qədər də subyektiv olacaq.

@cssc_cqtm

CSSC Baku

04 Nov, 17:00


ABŞ seçkilərində Azərbaycan və Ermənistan mövzusu

Sabah ABŞ-da seçkilər prosesi öz kulminasiya nöqtəsinə çatacaq. Seçkiqabağı təbliğatda Azərbaycan və Ermənistan mövzusu son bir neçə həftədə aktuallaşıb. Demokratların namizədi ABŞ ermənilərinə müraciət ünvanlayıb. Prezident Bayden Azərbaycan və Ermənistan liderlərinə məktub göndərib.

Respublikaçı namizəd Tramp əvvəlcə bir neçə cümləlik tvitlə kifayətlənib, srağagün isə ermənilərin ən radikal din xadimi katolikos I Aramla telefonda danışıb.

Qeyd edək ki, I Aram Livandadır və bu baxımdan Tramp üçün erməni mövzusu ilə yanaşı, Livan mövzusunu da vurğulamaq vacibdir. Belə ki, son həftələr ərzində eks-prezident onun üçün əhəmiyyətli olan ştatlarda müsəlmanlarla görüşərək onlarla Livandan danışıb.

Prinsip etibarilə, ABŞ-dakı seçki təbliğatında Azərbaycan və Ermənistan mövzusuna çox az yer ayrılıb.

Bəs ABŞ ermənilərinin özləri məsələyə necə baxırlar?

Ermənilərin bu kateqoriyası Azərbaycan və Türkiyəyə münasibətdə ən radikaldır. Diaspor təşkilatları şərti olaraq üç qrupa bölünür: Daşnaklar, ramkavarlar, qınçaklar.

Ermənilərin müxtəlif qruplarının ümumi məqsədi var: Ermənistana kömək etmək. Lakin Qarabağ mövzusunda yanaşmalar fərqlidir.

Daşnaklar ANCA-nın simasında ən fəal lobbi təşkilatına malikdirlər. Bayden 1915-ci ildə olmayan hadisələri tanıdıqdan sonra yaranan boşluğu Qarabağ erməniləri mövzusu doldurub. Hazırda daşnakların öz ümidləri siyahısında rüşvətxor konqresmenlər və senatorlar vasitəsilə səsləndirdikləri bir sıra ən radikal tələbləri var.

Lakin əsas daşnak təşkilatları Trampdan inciyiblər, çünki onların fikrincə, o, 2020-ci ildə müharibəni dayandırmayıb. Daşnaklar ABŞ-ın ermənilərin Qarabağdan köçməsinə icazə verdiyi üçün Bayden administrasiyasından da inciyiblər. Nəticədə daşnaklar erməniləri heç bir namizədə səs verməməyə çağırıblar.

Bundan sonra Tramp kritik ştatlarda ermənilərdən dəstək almaq üçün dindar cildindəki terrorçu I Arama müraciət etməyə başlayıb.

Nəticə və perspektiv nədən ibarətdir?

Dəfələrlə qeyd etdiyimiz, Bayden administrasiyasının erməni mərkəzli yanaşması nəticəsində ABŞ prezident seçkiləri öncəsi Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinə nail ola bilməyib. Uğursuzluğun səbəbi amerikalı diplomatların birtərəfli yanaşması olub. Bu ayrıseçkiliyin əsasında isə həmin diplomatların ABŞ Konqresi və Senatındakı ermənipərəst siyasətçilər qarşısındakı qorxusu dayanır.

Perspektiv üçün...

ABŞ-dakı erməni təşkilatları seçkilərdə kimin qalib gəlməsindən asılı olmayaraq, seçkilərdən sonra namizədlərin Qarabağ ermənilərilə bağlı açıqlamalarından istifadə edəcəklər. Bu, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesinə xələl gətirəcək.

Yeni seçilmiş prezident bölgəmizdəki prosesləri tələsdirməyə çalışacaq, çünki Rusiya ilə Ukrayna arasındakı müharibə, eləcə də Yaxın Şərq böhranı ilə müqayisədə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi mövzusu daha çox işlənilmiş mövzudur.

İndiki məqamda Azərbaycan diplomatiyası ABŞ-ın yeni rəhbərliyinin təkliflərini konstruktiv istiqamətə yönəltmək üçün hər cür səy göstərməli olacaq. Əgər bu, Vaşinqtonun məhz həmin erməni mərkəzliliyinə görə mümkün olmasa, o zaman növbəti təzyiq dalğasına hazırlaşmaq lazımdır.

Birləşmiş Ştatlar anlamalıdır ki, Qarabağ mövzusunda Bakı bir qarış belə geri çəkilməyəcək... və əgər Vaşinqton Azərbaycanı sanksiyalarla hədələyib onları hər hansı bir formada tətbiq etsə, bu, həmin sanksiyaların səbəbkarı olan Ermənistan üçün, xüsusilə də Ağ Evin sevimlisinə çevrilmiş Paşinyan rejimi üçün təhlükə yaradacaq.

Əlbəttə ki, konstruktiv fəaliyyət daha yaxşıdır, çünki sülh müqaviləsi mövzusu artıq kifayət qədər işlənərək hazırlanıb. İndi yalnız müsbət impuls, prosesi başa çatdırmaq və belə mühüm beynəlxalq müqaviləni prezidentlik müddətinin başlanğıcında öz daxılına əlavə etmək üçün tərəflərə konkret təkliflər vermək qalıb.

@cssc_cqtm

CSSC Baku

30 Oct, 17:00


Parlament seçkiləri Gürcüstanın xarici siyasətinə necə təsir edəcək?

Regiondakı geosiyasi vəziyyətə mühüm təsir göstərən hadisələrdən biri - Gürcüstandakı parlament seçkiləri artıq arxada qaldı. Seçkilərin yekunlarına əsasən, “Gürcü Arzusu” 89, “Dəyişikliklər naminə Koalisiya” 19, “Vahid Milli Hərəkat” 16, “Güclü Gürcüstan” 14, “Qaxariya Gürcüstan naminə” partiyası isə 12 mandatla qanunverici orqanda təmsil olunmaq hüququ qazandı.

Beləliklə də, hakim partiya konstitusion çoxluğa (113 mandat) nail ola bilməsə də, XI çağırış parlamentin hüquqi legitimliyi və fəaliyyə başlaması üçün lazım olan nəticəni (50%+1, yəni 76 mandat) əldə edə bildi. Hazırda “Gürcü Arzusu” yeni parlamentin siyasi cəhətdən legitimliyini təmin etməyə çalışır, müxalifət isə seçkilərin nəticələrini tanımayaraq onların ləğvini tələb edir ki, bu da faktiki olaraq yalnız məhkəmə qərarı və ya kütləvi təzyiq (etiraz aksiyaları ilə deputatları iclas zalına buraxmamaq) vasitəsilə mümkündür.

Seçkiqabağı dövrdə hər iki tərəfin bir-birinə qarşı səsləndirdiyi ittihamlar əsasən xarici siyasət vektoru ilə bağlı idi. Müxalifət hakimiyyəti Rusiyameyilli addımlar atmaqda, “Gürcü Arzusu” isə rəqiblərini “Qlobal müharibə partiyasının əlində alətə çevrilərək Rusiyaya qarşı ikinci cəbhənin açılması” cəhdində günahlandırırdı. “Gürcü Arzusu” hazırki seçkilərdə qalib tərəf hesab edildiyi üçün ona ünvanlanan ittihamları nəzərdən keçirək:

Hakim partiyaya yönəlmiş əsas ittiham Rusiya ilə münasibətləri yaxınlaşdırmaq istəyidir ki, burada da başlıca indikatorlar diplomatik münasibətlərin bərpası, eləcə də Abxaziya və Tsxinval bölgəsilə bağlı Kremllə danışıqların aparılmasıdır. Hazırda Gürcüstan rəsmiləri Moskva ilə diplomatik münasibətlərin bərpasını istisna edir, Abxaziya və Tsxinvalla bağlı danışıqlar haqqında isə heç bir anons vermirlər.

Digər tərəfdən, rəsmi Tbilisi Qərblə münasibətlərdə problemlər yaradan qanunları ləğv etməyi düşünmür. Hakimiyyəti dəstəkləmək üçün seçkilərdən dərhal sonra hazırda Aİ-yə sədrlik edən Macarıstan baş nazirinin Gürcüstana səfəri isə Tbilisinin Qərb siyasətinin mümkün istiqamətini göstərir. Belə görünür ki, “Gürcü Arzusu” Qərbdəki mühafizəkar dairələrlə əməkdaşlığı tərcih edir. Daxili siyasi legitimliyin təmin edilməsindən sonra Gürcüstan hakimiyyəti Macarıstanın timsalında müstəqil xarici siyasət yeritməyə çalışacaq ki, bu da öz qaydaları çərçivəsində Qərblə əməkdaşlığı nəzərdə tutur.

Regional mənzərəyə nəzər salsaq, Gürcüstanın qonşuları olan Azərbaycan, Türkiyə və Ermənistan artıq “Gürcü Arzusu”nu seçkilərdəki qələbəsi münasibətilə təbrik edib. Çin də Gürcüstanın hakim partiyasına öz təbriklərini ünvanlayıb. Əlbəttə ki, bu sadalananlar Tbilisinin gələcək xarici siyasət prioritetlərini müəyyənləşdirməsinə təsirsiz ötüşməyəcək. Beləliklə də, “Gürcü Arzusu” yeni çağırış parlamentin siyasi legitimliyini və normal fəaliyyətini təmin etdikdən sonra xarici siyasət vektoru göstərilən istiqamətlərdə həyata keçiriləcək.

@cssc_cqtm

CSSC Baku

30 Oct, 15:05


Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin (CQTM) direktoru Fərhad Məmmədov Pressklub TV-nin efirində gedən “Əsas Sual” verilişində “Gürcüstanda inqilab niyə baş tutmadı?” sualı ilə bağlı fikirlərini bölüşüb.

Daha ətraflı: https://www.youtube.com/live/DDEsM2hv3uo?si=dyokwxQxqxM56910

CSSC Baku

24 Oct, 17:00


Keçici təlatümlər...

Təyyarə ilə uçuş zamanı yaşanan turbulentlik siyasi proseslərdəki təlatümlərə bənzəyir. Hava axınlarındakı qeyri-sabitlik təyyarəni silkələdiyi kimi, siyasi təlatümlər də müəyyən ölkələrdə ictimai sarsıntılara səbəb olur.

Maraqlıdır ki, təyyarədə turbulentlik ərəfəsində pilotlar bu barədə xəbərdarlıq edir və sərnişinləri kəmərləri bağlayaraq sərblə gözləməyə çağırırlar. Bu çağırış siyasi təlatümlər zamanı da faydalıdır. Belə ki, istər hava məkanında, istərsə də siyasi müstəvidə baş verən çalxalanmalar müvəqqəti və keçicidir.

Hazırda dünya özünün təlatümlü dövrünü yaşayır və regionumuz bu turbulentliyin mərkəzində olmasa da, onun dalğaları bölgəmizə də gəlib çatır. Gürcüstanda parlament seçkiləri, ABŞ-da prezident seçkiləri, COP29 - bütün bunlar çox yaxın gələcəkdə baş tutacaq hadisələrdir və onlar yaxınlaşdıqca sarsıntılar getdikcə daha da şiddətlənməyə başlayır.

Gürcüstandakı seçkilərə artıq günlər qalır. Seçki ərəfəsində ölkə daxilindəki siyasi parçalanma kifayət qədər dərinləşib və proseslərin axarını öncədən proqnozlaşdırmaq artıq qeyri-mümküdür. Belə vəziyyət seçkinin nəticəsindən asılı olmayaraq, proses sonrası irimiqyaslı etirazların mümkünlüyünü deməyə əsas verir. Burada başlıca məsələ seçkidə hansı qüvvələrin və hansı nisbətlə qalib gəlməsilə yanaşı, seçki sonrası etirazların açıq qarşıdurmaya keçib-keçməməsidir. Belə ki, Gürcüstanda ictimai gərginliyin real qarşıdurma həddinə çatması və hadisələrin qanun çərçivələrini aşması region üçün ən arzuolunmaz ssenaridir.

ABŞ-dakı prezident seçkiləri ərəfəsində tərəflərin apardıqları təbliğat kampaniyasının əks-sədası Cənubi Qafqaz ölkələrinə də təsir göstərir. Bu baxımdan, təkcə son günlər ərzində baş verənləri - Baydenin Azərbaycan və Ermənistan liderlərinə müraciəti, eləcə də Trampın həmin müraciətlərə cavab reaksiyasını yada salmaq kifayətdir. Sonuncu ilə bağlı qeyd edək ki, Trampın paylaşımında iki mesaj var: Harris problemin həlli üçün heç nə etməyib və Ermənistanla Azərbaycan arasında sülhü məhz Tramp bərpa edəcək. Düzdür, paylaşımın mətnində Azərbaycan üçün qəbuledilməz narrativlər var, lakin bunu seçki ərəfəsində Trampın xristian dindar qruplardan əlavə səs almaq cəhdi kimi qiymətləndirmək olar.

COP29-a gəlincə, Azərbaycanın qlobal miqyaslı sammitin öhdəsindən uğurla gələcəyi şühbə doğurmur. Nəzərə almaq lazımdır ki, Bakı beynəlxalq tədbirlərin keçirilməsində kifayət qədər təcrübəyə malikdir. Ölkəmizin əldə etdiyi nailiyyətləri qəbul edə bilməyən bəzi dairələrin Azərbaycana qarşı apardıqları təbliğat isə Bakının dünyadakı nüfuzuna xələl yetirmək məqsədi daşıyan uğursuz bir cəhddir. BRİCS ölkələrinin Kazan bəyannaməsində Azərbaycanın COP29-u müvəffəqiyyətlə keçirəcəyinə inamın ifadə olunması ölkəmizə beynəlxalq səviyyədə göstərilən etimadı bir daha sübut etdi.

Bir sözlə, hazırda sadalanan hadisələr ətrafında çox böyük bir məlumat köpüyü formalaşıb. Lakin sözügedən köpüyüyün real əsasları olduğu kimi, vaxt məhdudiyyəti də var ki, bu da noyabrın ortalarına təsadüf edir.

O vaxtadək isə Baydenin mesajları, Trampın reaksiyası, Avropa Parlamentinin müzakirələri və qətnamələri kimi hələ daha çox maraqlı məqamları müşahidə edəcəyik.

Beləliklə də, hazırki siyasi turbulentliyin yaxın üç həftəyə bitəcəyi gözlənilir. Bu dövrdən sonra ən azı nisbi sakitlik olacaq, həm regionda, həm də qlobal səviyədə yeni şərtlər aydınlaşacaq. Həmin yeni şərtləri nəzərə almaqla, planlaşdırılan addımların həyata keçirilməsinə baxış formalaşacaq. Azərbaycan regionda öz gündəliyini həyata keçirmək üçün diplomatik, iqtisadi, maliyyə və təşkilati resurslara malikdir. Bakının addımlarının rasional və balanslı olacağı şübhəsizdir. Bunun üçün isə baş verənləri daha yaxşı anlamaq məqsədilə vəziyyətə aydınlıq gəlməsini gözləmək lazımdır.

@cssc_cqtm

CSSC Baku

18 Oct, 17:03


Regional “3+3” formatında vəziyyət necədir?

Oktyabrın 18-də Türkiyədə xarici işlər nazirlərinin “3+3” formatında növbəti görüşü keçirildi. Format hələ də yarımçıqdır. Gürcüstan növbəti dəfə görüşdə iştirakdan imtina etdi ki, bu da başa düşüləndir.

Ermənistan da bu görüşlərdə öz iradəsi ilə iştirak etmir. Bir tərəfdən İrəvan İranın təklifindən imtina edə bilmir, digər tərəfdənsə Türkiyəyə səfər Paşinyan hökumətinin Azərbaycanla normallaşma olmadan Türkiyə ilə münasibətləri qaydasına salmaq istəklərinə uyğun gəlir.

Hazırda “3+3” regional formatındakı əsas maneələri və problemləri sadalayaq:

- Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi yoxdur;

- Türkiyə ilə Ermənistan arasında diplomatik əlaqələr yoxdur;

- Rusiya ilə Gürcüstan arasında diplomatik əlaqələr yoxdur, Gürcüstan əraziləri hələ də Rusiyanın işğalı altındadır;

- Azərbaycanla Ermənistan, Ermənistanla Türkiyə arasında regional kommunikasiyalar bağlıdır.

2020-ci ilin 44 günlük müharibəsinin geosiyasi nəticələri olsa da, onların əksəriyyəti hələ də reallaşmayıb.

- Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası reallaşan yeganə nəticədir.

- Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması;

- Ermənistan-Türkiyə münasibətlərinin normallaşması;

- kommunikasiyaların açılması isə hələ də baş tutmayıb.

Bir sözlə, 44 günlük müharibənin nəticələri effektiv regional formatın formalaşması yolunda bir çox maneələri və problemləri aradan qaldırmalı idi.

Digər tərəfdən, “3+3” formatının özünəməxsus əsasları var ki, həmin əsaslar təmin edilmədən real ümumregional əməkdaşlıqdan söhbət gedə bilməz. Gəlin bu əsasları nəzərdən keçirək:

- Region ölkələri bir-birinə təhdid yaratmamalıdır - Azərbaycan və Ermənistan hələ də bir-birinə təhdid yaradır.

- Region ölkələri regionun qonşuları üçün təhdid yaratmamalıdır - bu baxımdan İranın Azərbaycana, Rusiyanın Gürcüstana, Türkiyənin isə Ermənistana müəyyən sualları var.

- Regionun qonşuları region ölkələri üçün təhdid yaratmamalıdır - burada artıq Gürcüstanın Rusiyaya (ərazilərin işğalı faktı ortadadır), Azərbaycanın İrana, Ermənistanın Türkiyəyə müəyyən sualları var.

Gördüyümüz kimi, 44 günlük müharibənin geosiyasi nəticələrinin həyata keçirilməsi əslində böyük bir maneə və problemlər toplusunun aradan qaldırılmasına yol açır.

Bölgənin qonşuları bəyan edirlər ki, regionun problemləri elə region daxilində həll olunmalıdır. Əgər bu niyyət həqiqətən də səmimidirsə, o zaman region ölkələrinin bölgədən kənarda kömək axtarışının qarşısını almaq üçün hərəkətə keçmək məhz region qonşularının üzərinə düşür.

Bu kontekstdə Türkiyə Ermənistanla münasibətlərdə konstruktivlik nümayiş etdirir. Ankara Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması şərti ilə Ermənistanla öz münasibətlərini normallaşdırmağa hazırdır. Tehran Ermənistan ərazisindən keçən kommunikasiyaların qarşısının alınması və İranın öz ərazisindən yeni kommunikasiya marşrutlarının salınması ilə bağlı anlaşılmaz mövqedə qalır. Rusiya isə Gürcüstanla problemlərin həlli üçün heç nə etmir.

Bölgənin qonşularının da region ölkələrindən gözləntiləri var ki, bu gözləntilər əksər hallarda maksimalist xarakterə malikdir.

Beləliklə, aşağıdakı nəticəyə gəlirik:

Əgər bölgənin qonşuları “3+3” regional formatında bu qədər maraqlıdırsa, o zaman hərəkətə keçməlidirlər:

- 44 günlük müharibənin geosiyasi nəticələri həyata keçirilməlidir;

- İran regional kommunikasiyaların qurulmasına başlamalı və bunu başa çatdırmalıdır;

- Rusiya Gürcüstana qarşı işğalçılıq siyasətindən əl çəkməli, Abxaziya və Tsxinvali bölgəsinin Gürcüstana reinteqrasiyasına yardım etməlidir.


Bu müddəalar reallaşdırılmadan regional “3+3” formatından nəticə əldə etmək mümkün olmayacaq və bu çərçivədəki bütün fəaliyyətlər yarımçıq formatda ritual görüşlər səviyyəsində qalacaq.

@cssc_cqtm

CSSC Baku

16 Oct, 17:22


Gürcüstanda “geosiyasi seçkilər”in regiona təsiri

Gürcüstanda qarşıdan gələn parlament seçkiləri artıq “geosiyasi seçkilər” kimi xarakterizə olunur. Belə ki, xarici siyasət vektoru seçkiqabağı diskursda başlıca müzakirə mövzusuna çevrilib və hazırda cəmiyyətdə mövcud qütbləşmənin əsasını təşkil edir.

Yaranmış vəziyyətə görə məsuliyyət əlbəttə ki, ilk növbədə istər keçmiş, istərsə də indiki ölkə hakimiyyətinin üzərinə düşür. Çünki Gürcüstanda ənənəvi olaraq xarici qüvvələrin daxili işlərə qarşımasının qarşısı kifayət qədər alınmayıb. Məhz həmin qüvvələrin fəaliyyəti nəticəsində bu gün Gürcüstan cəmiyyətində ölkənin gələcək inkişaf yolu ilə bağlı ciddi fikir ayrılıqları mövcuddur.

Təxminən iki onillik ərzində Cənubi Qafqazda geosiyasi status-kvo bərqərar olmuşdu. Gürcüstan üzünü Qərbə tutaraq Avropa İttifaqı və NATO ilə əməkdaşlığını inkişaf etdirib. Ermənistan Rusiya ilə strateji müttəfiqlik şərtlərinə uyğun olaraq KTMT və Aİİ kimi qurumlara inteqrasiyaya köklənib. Azərbaycan isə Qoşulmama Hərəkatının aparıcı üzvlərindən biri kimi hər zaman tərəfsiz və müstəqil siyasət yeritməyə üstünlük verib.

Lakin son iki ildə qlobal miqyasda cərəyan edən proseslərə bağlı olaraq bölgədəki geosiyasi status-kvo pozulmaqdadır. Ermənistanın Rusiya ilə, Gürcüstanın Qərblə münasibətləri korlanıb.

Digər tərəfdən, Ukrayna münaqişəsinin başlamasından sonra beynəlxalq aktorların Cənubi Qafqaza diqqəti artıb. Həm regionun qonşuları, həm də qlobal güc mərkəzləri Cənubi Qafqazdakı transformasiyalarda iştirak etmək niyyətlərini açıq şəkildə ortaya qoyublar.

Bütün bu proseslər fonunda Azərbaycan-Türkiyə-Gürcüstan üçtərəfli işbirliyi regionun ən davamlı əməkdaşlıq formatı kimi artıq özünü təsdiq edib. Bu əməkdaşlığın bünövrəsi geniş miqyaslı iqtisadi layihələrlə möhkəmləndirilib. Üç ölkə arasındakı mövcud işbirliyi bərabər hüquqlu tərəfdaşlıq, qarşılıqlı faydalılıq və ümumi mənfəətlilik prinsipləri üzərində qurulub. Bu səbəblərdən günümüzdə Cənubi Qafqazın geosiyasi əhəmiyyəti anlayışında məhz sözügedən format ən ağır çəkiyə sahibdir.

Belə şəraitdə, hazırda Gürcüstandakı vəziyyət Azərbaycan üçün də olduqca əhəmiyyətlidir. Azərbaycan-Türkiyə-Gürcüstan üçtərəfli əməkdaşlıq formatının səmərəli olmasının əsas səbəbləri burada birgə fəaliyyətin hər üç dövlətin müstəqil, milli maraqlara söykənən və təbii ehtiyaclardan irəli gələn addımları üzərində qurulmasıdır. Bu baxımdan, Gürcüstanda parlament seçkilərindən sonra qurulacaq yeni hökumətin məhz bu meyarlara cavab verməsi vacibdir.

Rəsmi Tbilisinin hər hansı bir xarici qüvvənin təsiri altına düşməsi və Gürcüstan ərazisinin geosiyasi güc mərkəzlərinin mübarizəsi meydanına çevrilməsi ən arzuolunmaz ssenarilər sırasındadır. Belə olan halda, seçkilərin nəticələrindən və hakimiyyətə hansı qüvvələrin gəlməsindən asılı olmayaraq, Azərbaycan və Türkiyə Gürcüstanla üçtərəfli formatda əməkdaşlığı gücləndirməli və bu ölkə üçün yarana biləcək təhdidlərin qarşısının alınmasında ona köməklik göstərməlidir.


@cssc_cqtm

CSSC Baku

11 Oct, 17:01


Mühüm hadisələr astanasında...

Biz hamımız istər regionumuzda, istərsə də onun ətrafında yaxın iki-üç il üçün tendensiyaları müəyyən edəcək mühüm hadisələr ərəfəsindəyik. Azərbaycan bu hadisələrə, proseslərə heç bir şəkildə təsir edə bilməz. Lakin vəziyyət müəyyənləşdikdən sonra yeni şərtlərə uyğun olaraq öz mövqeyini formalaşdıra bilər. Gəlin təsir dərəcəsini, riskləri və imkanları nəzərə alaraq həmin hadisə və prosesləri nəzərdən keçirək:

- İsrail və İran arasındakı müharibə bu gün regionumuz üçün ən böyük riskləri daşıyır. İsrail hökuməti ABŞ rəhbərliyinin zəifliyindən istifadə edərək, bir tərəfdən ABŞ-da seçki kampaniyasının gedişatına təsir etməyə çalışır, digər tərəfdən isə “yerdə” yeni reallıq yaradır ki, gələcək ABŞ prezidenti bu reallıqla hesablaşmalı olacaq.

İsraillə İran arasındakı toqquşma eskalasiya prosesindədir və gərginliyin pik nöqtəsi hələ görünmür. Güman etmək olar ki, gərginlik ABŞ seçkiləri ərəfəsində daha da artacaq. Mümkün ssenarilər ABŞ-ın nəzarətində olan qarşılıqlı zərbələrdən tutmuş, təkcə İran və İsrailin ərazisində deyil, həm də qonşu ölkələrdə irimiqyaslı bombardmanlara qədər dəyişir.

- Gürcüstanda keçiriləcək parlament seçkiləri zaman baxımından ən yaxın hadisədir və onun nəticəsi regionda kənar iştirak kontekstində qüvvələr nisbətinə təsir göstərəcək. Ehtimal etmək olar ki, hazırkı hakimiyyət qalib gəlsə, Gürcüstanın region ölkələri ilə münasibətlər sistemi dəyişməyəcək, lakin münasibətlərin xarici perimetri dəyişəcək. Müxalifət qalib gəlsə, Gürcüstan ən azı bir illik turbulentliklə üzləşəcək və bu müddət ərzində xarici əlaqələr son həddə qədər sınaqdan keçirilə bilər. Region ölkələri üçün ən mənfi ssenari vətəndaş qarşıdurması və proseslərin konstitusiya çərçivəsindən çıxmasıdır.

- ABŞ-da keçiriləcək prezident seçkilərinin nəticələrini proqnozlaşdırmaq mümkün deyil. Seçkilərin nəticəsinə həm daxili dinamika, həm də xarici amillər təsir edir. Baydenin avtokratik qərarı nəticəsində Demokratlar Partiyasının namizədi olmuş K.Harris əslində heç nə ilə seçilmir. Onun səslərini artıran bütün amillər ya Trampın, ya da Bayden Administrasiyasının fəaliyyətinin nəticəsidir. K.Harrisi populyarlaşdırmaq üçün inzibati resurslardan istifadə səviyyəsi o qədər yüksəkdir ki, yaxın üç həftə ərzində Ağ Evin ən radikal addımlar atması belə mümkündür.

Aydındır ki, kimin ABŞ prezidenti seçilməsindən asılı olmayaraq, xarici siyasətin əsas simaları (prezident, dövlət katibi, milli təhlükəsizlik müşaviri) dəyişəcək. Yeganə fərq ondadır ki, K.Harris seçilərsə 2025-ci il yanvarın 20-dək (inauqurasiya gününədək) olan aralıq müddətdə Bayden administrasiyası qərarları seçilmiş prezidentlə məsləhətləşərək qəbul edəcək. Lakin Tramp seçilərsə, Bayden administrasiyası yeni seçilmiş prezidentlə koordinasiya olmadan qərarlar qəbul edəcək. Əsas odur ki, bu müddətdə administrasiyanın “şərindən” uzaq olasan.

- Avropa Parlamentinə seçkilərdən sonra Avropa Komissiyasının formalaşdırılması başa çatıb. Aİ Şurası sədri vəzifəsi isə hələ də boş qalır. Bu vəzifə üçün şəxs müəyyən edildikdən sonra Aİ-nin icra strukturları tam tərkibdə işə başlayacaq. Görək, Aİ-də kimlər Cənubi Qafqaz mövzusuna sahiblənəcək.

- Ukrayna müharibəsi. Yayda müharibədən gözləntilər çox böyük idi. Lakin Qərbin Ukraynaya məhdud hərbi dəstəyi, bu sahədəki təxribatlar vəziyyəti o yerə çatdırdı ki, Ukraynanın Kursk əməliyyatı cəbhədə istinilən təsiri göstərmədi. Ukraynanın özündə - Donbass istiqamətində isə Rusiya hücumunu davam etdirir.

Diplomatik müstəvidə vəziyyət daha da pisdir, çünki rəsmi Kiyev artıq Ukrayna tərəfindən çağırılan sülh konfransında Rusiyanın iştirakına razılıq verməyə məcbur qalıb. Çin və Braziliyanın alternativ təşəbbüsü isə dünyada getdikcə daha çox dəstək qazanır. Artıq əsas şərt kimi Ukrayna ərazilərinin işğaldan azad edilməsindən söhbət getmir, sadə barışıq əldə olunduğu halda Ukraynaya təhlükəsizlik zəmanəti və iqtisadi yardım təklifləri irəli sürülür.

@cssc_cqtm

CSSC Baku

10 Oct, 17:05


CSSC Baku pinned «Ukraynada atəşkəsin işartıları: Güzəştsiz mövqe kompromislə əvəz olunur Ukraynada davam edən aktiv hərbi əməliyyatlar fonunda münaqişənin perspektivləri qeyri-müəyyən olaraq qalmaqdadır. Son iki ayda rəsmi Kiyev istər hərbi, istərsə də siyasi-diplomatik müstəvidə…»

CSSC Baku

10 Oct, 17:01


Ukraynada atəşkəsin işartıları: Güzəştsiz mövqe kompromislə əvəz olunur

Ukraynada davam edən aktiv hərbi əməliyyatlar fonunda münaqişənin perspektivləri qeyri-müəyyən olaraq qalmaqdadır. Son iki ayda rəsmi Kiyev istər hərbi, istərsə də siyasi-diplomatik müstəvidə uğur qazana və müharibənin gedişində dönüş yarada bilmədi. Bu səbəbdən də artıq Ukrayna rəhbərliyinin mövqeyində müəyyən yumşalma və kompromis axtarışları hiss olunur.

Döyüş meydanında “heç-heçə”

Avqustun əvvəllərində Ukrayna ordusunun Rusiya sərhədini keçərək Kursk vilayəti ərazisinə daxil olması gözlənildiyi nəticəni vermədi. Ukraynanın Kurskdakı hücumu tədricən dayandırıldı, bunun əksinə olaraq Rusiya silahlı qüvvələri Donbasda bir neçə vacib yaşayış məntəqələrini ələ keçirdilər.

Rusiyanın dərinliklərinə endirilən zərbələr də, miqyas baxmından əhəmiyyətli olsalar belə, bilavasitə cəbhə xəttində baş verənlərə ciddi təsir etmədi. Havaların getdikcə soyuması ilə fəal hərbi əməliyyatlar üçün vaxtın daraldığını nəzərə alsaq, yaxın aylarda bu qarşıdurmada köklü irəliləyişlərin olması ehtimalı demək olar ki, yoxdur.

Başda ABŞ olmaqla Qərb öz mövqeyi ilə hərbi əməliyyatlar səhnəsində yaranmış cari vəziyyətin əsas səbəbkarlarındandır. Silah təchizatındakı əsassız ləngimələr və məhdudiyyətlər, verilən silahların istifadəsi zamanı qoyulan çərçivələr işğala məruz qalan tərəfin döyüşlərdəki itkilərini artırır və irəliləməsinə mane olur.

Diplomatik səylər nəticəsiz qalır

Ukrayna münaqişəsi üzrə göstərilən diplomatik səylər hələ ki, öz bəhrəsini vermir. Siyasi müstəvidə hazırda aktual olan iki sülh planı mövcuddur ki, onlardan hər biri müvafiq olaraq döyüş meydanında toqquşan tərəflərdən bu və ya digərinin maraqlarını təmsil edir.

- Ukraynanın “Qələbə planı”: İyun ayında İsveçrədə Rusiyanın iştirakı olmadan baş tutan birinci Sülh Sammiti rəsmi Kiyevin mövqeyinin bir çox ölkələr tərəfindən birmənalı qarşılanmadığını göstərdi. Noyabrda ABŞ-da keçirilməsi planlaşdırılan ikinci Sülh Sammiti isə təxirə salındı və bu Zelenskinin Vaşinqtona səfər edərək öz “Qələbə planı”nı təqdim etməsindən sonra baş verdi. Bununla da, Qərbin Ukraynanın güzəştsiz mövqeyindən narazılığı üzə çıxdı.

Beləliklə də, Ukrayna diplomatiyası öz yanaşmasına Qərbin tam dəstəyini təmin edə, hərbi yardımın genişləndirilməsinə nail ola və uzaqmənzilli silahlarla Rusiyanın dərinliklərinə zərbələr üçün icazə ala bilmədi. Belə şəraitdə Kiyev öz mövqeyini yumşaltmağa məcbur qaldı və üçüncü tərəflərin vasitəçiliyi ilə danışıqlara hazır olduğunu, 2025-ci ildən gec olmayaraq müharibəni sona çatdırmaq istədiyini bəyan etdi.

- “Sülhün dostları” təşəbbüsü: Çin və Braziliya tərəfindən irəli sürülən bu platforma getdikcə öz tərəfdarlarının sırasını genişləndirir. Hazırda onun işində 17 dövlət (təşəbbüskar ölkələrlə bərabər Meksika, Kolumbiya, Boliviya, CAR, Zambiya, Keniya, Əlcəzair, Misir, İndoneziya və s.) iştirak edir. Yaxın gələcəkdə bu təşəbbüs çərçivəsində Ukrayna münaqişəsi üzrə sülh konfransının təşkili nəzərdə tutulub.

Rusiya hələ ki, bu təşəbbüsdən kənarda qalmağı tərcih edir, onun iştirakçıları da bitərəflik prinsipinə əsasən Moskva ilə məsafə saxlamağa çalışırlar. Ukrayna “Sülhün dostları”nı Rusiyameyilli adlandırır, ABŞ isə Çinin sülh təşəbbüsünə şübhə ilə yanaşır. Lakin Avropada bu platforma maraqla qarşılanır, xüsusilə də Macarıstan onu dəstəkləyir.

Nəticə

Ukrayna rəsmilərinin son açıqlamaları Kiyevin mövqeyində məcburi dəyişikliklərin Qərbin təzyiqi ilə edildiyini deməyə əsas verir. Ukrayna rəsmilərinin barışmaz siyasi ritorikası artıq müəyyən güzəştlərə hazırlıq siqnalları ilə əvəz olunub. Əlbəttə ki, mövcud vəziyyətdə Ukraynanın geri addım atması anlaşılandır.

Çünki müxtəlif zamanlarda ABŞ, Türkiyə, Səudiyyə Ərəbistanı, Macarıstan, Çin və digər ölkələr tərəfindən irəli sürülmüş sülh planları Kiyev üçün heç bir müsbət nəticəyə gətirib çıxarmayıb. Reallıq isə odur ki, qlobal səylərə baxmayaraq, bu istiqamətdəki bütün fəaliyyətlər Ukrayna üçün böyük itkilər, infrastrukturun dağıdılması, dövlətçiliyin məhvi və milli faciə ilə müşayiət olunur.

@cssc_cqtm

CSSC Baku

08 Oct, 17:00


Qərbə (ABŞ və Aİ) nə məsləhət vermək olar?

Vaşinqtonun Cənubi Qafqaz siyasəti ABŞ-da keçiriləcək prezident seçkilərindən sonra daha aydın olacaq. Aİ-də artıq Komissiyaya təyinatlar baş tutsa da, Aİ Şurasının sədri yeri hələ boş qalır. İlin sonuna kimi hər kəs öz yerini tapacaq, Aİ strukturlarının Azərbaycan və Ermənistana münasibətdə iştirak dərəcəsinə aydınlıq gələcək.

ABŞ və Aİ-nin regionda mümkün iştirak dairəsi genişdir: Təşəbbüsün olmamasından (Tramp seçilərsə) regionda əsas vasitəçi olmaq üçün növbəti cəhdə qədər.

ABŞ və Aİ-yə məsləhət vermək üçün danışıqlar prosesində onların hazırkı vəziyyətini və mövqeyini nəzərdən keçirmək lazımdır.

44 günlük müharibədən sonra Aİ və ABŞ tam hüquqlu və effektiv vasitəçi olmaq imkanı əldə etdilər. Lakin ermənimərkəzli yanaşmaya görə bütün vasitəçilik cəhdləri uğursuz oldu. Qərbin ermənimərkəzli mövqeyi aşağıdakı məqamlarda öz əksini tapdı:

- Aİ Şurasının sədri, Fransa prezidenti və Almaniya kansleri tərəfindən imzalanmış Qranada bəyanatında;
- Aprelin 5-də Brüsseldə keçirilən sammitdə Ermənistana Aİ və ABŞ tərəfindən maliyyə və siyasi baxımdan institusional dəstək haqqında qərar qəbul edildikdə;
- Aİ və ABŞ-dan Ermənistana hərbi dəstək verilməsində;

Halbuki, Azərbaycanla bağlı ciddi heç bir iş görülməyib. Qərb ərazi bütövlüyü prinsipinin prioritet olmasını yalnız 2022-ci ilin sentyabrından sonra, şərti sərhəddə toqquşmaların ardından, yəni mövzu məhz Ermənistan üçün aktuallaşanda xatırladı. Qərb Qarabağda Ermənistan Silahlı Qüvvələrinin qalıqlarına güc tətbiq etməmək öhdəliyini Azərbaycanın boynuna qoymaqla Qarabağ ermənilərinə himayədarlıq etməyə çalışırdı.

ABŞ və Aİ-nin Ermənistana limitsiz yardımı fonunda Qərbin Azərbaycana maliyyə dəstəyi mikroskopikdir. Halbuki, müharibə məhz Azərbaycan ərazisində gedib, minalar və bütün dağıntılar Azərbaycan ərazisindədir.

ABŞ və Aİ-nin Azərbaycan və Ermənistan arasındakı proseslərə cəlb olunmasının Rusiya konteksti də var. Qərb rəsmiləri açıq şəkildə deyirlər ki, onların məqsədi Rusiyanın regionda təsirini azaltmaqdır.

Bəs reallıqda bu istiqamətdə hansı uğurlar var?

Yeganə müsbət məqam sülhməramlıların Azərbaycandan çıxarılmasıdır ki, Qərbin burada heç bir rolu yoxdur. Azərbaycandan sonra Ermənistan da Rusiyanı öz ərazisində, Azərbaycanla sərhəddə məhdudlaşdıra bildi. İqtisadi cəhətdən isə Rusiya Ermənistanda daha da gücləndi.

ABŞ və Aİ-nin Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin tezliklə bağlanması istəyi də Bakıda etimad yaratmır. ABŞ-ın Ermənistana yardım, Qarabağ ermənilərinə dəstək və sülh müqaviləsi kimi bəyan etdiyi məqsədlərdən ancaq “Ermənistana yardım” bəndi yerinə yetirilib. Əgər Azərbaycan Qərbin istədiyi kimi indiki yarımçıq formada sülh müqaviləsi bağlamağa razı olsa, o zaman Qarabağ erməniləri ilə bağlı məsələnin sülh müqaviləsindən dərhal sonra gündəmə gətirilməyəcəyinə kim zəmanət verə bilər?! Üstəlik, məsul Aİ (Toivo Klaarın müsahibəsi) və ABŞ diplomatları (hələ də istintaq qruplarının nəticələrini nəzərdən keçirirlər) Qarabağ erməniləri mövzusunu münaqişənin humanitar komponentinin geniş kontekstindən çıxararaq qabardırlar.

Buna görə də Azərbaycan Ermənistanın Konstitusiyasına dəyişikliklər tələb edir ki, Ermənistanda gələcək qisas üçün əsasların nəzəri ehtimalı belə olmasın!

Beləliklə, bu narahatlıqlardan sonra ABŞ və Aİ-yə əsas tövsiyələr aşağıdakı addımlar ola bilər:

- Şarl Mişelin istefasından sonra Aİ Qranada Bəyanatını rədd etməklə nümayiş etdirə bilər ki, Mişelin imzası Aİ-nin mövqeyi deyil, onun şəxsi fikridir;

- ABŞ Dövlət Departamenti 2023-cü ilin sentyabrında Qarabağda baş vermiş hadisələrlə bağlı rəy verə bilər ki, ermənilərin ölkəni tərk etməsini etnik təmizləmə kimi təsnif etmək üçün heç bir əsas yoxdur;

- ABŞ və Aİ münaqişədən sonra yenidənqurma fondu yarada, bu fonddan Qarabağın bərpası üçün Azərbaycana, Qarabağdan olan erməniləri Ermənistanda yerləşdirmək üçün isə Ermənistan hökumətinə yardım göstərə bilər. Bu fonddan kommunikasiyalarının açılmasına hazırlıq kontekstində nəqliyyat infrastrukturuna yardım da mümkündür.

@cssc_cqtm

CSSC Baku

07 Oct, 17:00


ABŞ Cənubi Qafqaz üçün nə təklif edir?!

ABŞ dövlət katibinin müavini Ceyms O`Brayen Rusiya və İranın yaratdığı təhlükəsizlik arxitekturasının Cənubi Qafqaz ölkələri üçün arzuolunmaz olduğunu bildirib.

“Regional (Cənubi Qafqaz) təhlükəsizliyin əsas oyunçuları kimi Rusiya və İran oxu ətrafında qurulmuş gələcək qeyri-sabit və arzuolunmazdır, o cümlədən Ermənistan və Azərbaycan hökumətləri üçün”, - O’Brayen deyib.

Yaxşı fikirdir, amma...

Ermənistan və Azərbaycan üçün nəyin arzuolunmaz, nəyin faydalı olması ilə bağlı ABŞ rəsmisinin fikirləri təqdirəlayiqdir.

Amma Azərbaycan liderləri ABŞ-ın tövsiyəsi olmadan hələ 25 il öncə özləri bu fikrə gəliblər. Azərbaycan Gürcüstan və Türkiyə ilə strateji tərəfdaşlıq münasibətlərini üçtərəfli formatda rəsmiləşdirib, Vaşinqtonun isə buna həmişə biganə münasibəti olub. Azərbaycanın ABŞ-ın maraqlarına uyğun olan bütün strateji layihələri bu üçtərəfli formatda reallaşır.

Azərbaycan KTMT-yə daxil olmayıb, Rusiyanın lider olduğu Aİİ və Gömrük İttifaqının üzvü deyil. Azərbaycanla Rusiyanın təbii ticarət əlaqələri var.

Moskva ilə Bakının yalnız müttəfiqlik əməkdaşlığı bəyannaməsi var ki, bu da Rusiya sülhməramlılarını Azərbaycan ərazisindən vaxtından əvvəl çıxarmağa imkan verib.

Azərbaycanın İranla münasibətləri mürəkkəb və ziddiyyətlidir.

Rusiya, Azərbaycan və İranın iştirakı ilə Şimal-Cənub nəqliyyat dəhlizi yalnız iqtisadi layihədir, burada hər hansı bir oxun formalaşmasına işarə yoxdur.

Azərbaycanda gələcək inkişafın oxu Şərq-Qərb və Şimal-Cənub vektorlarında TDT ətrafında formalaşır. Bakı ilə razılaşdırılmış bütün məsələlər real şəkildə işləyir!

Bəs Ermənistan?


Ermənistan Rusiyanın müttəfiqidir, ölkə KTMT, Aİİ və Gömrük İttifaqının üzvüdür. Ermənistanda Rusiya hərbi bazası var, Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) isə Ermənistanın Türkiyə və İranla sərhədlərində dayanır! Paşinyan hökuməti Rusiya ilə ticarət dövriyyəsini ildə 14-16 milyard dollara çatdırır.

Ermənistanın Rusiya ilə bütün sahələri əhatə edən geniş əlaqələri mövcuddur.

Ermənistanın İranla əlaqələri strateji tərəfdaşlıq səviyyəsindədir və onlar da inkişaf edərək dərinləşir. Ən azı Paşinyan son bir neçə ildə Xamneyi ilə görüşən regionun yeganə lideridir!

İran Aİİ ilə qarşılıqlı əlaqələrini Ermənistan vasitəsilə qurur!

Beləliklə də, Ermənistan Moskva və Tehran oxunda olmağın bariz nümunəsidir!!!

Bəs ABŞ buna necə reaksiya verir?!

İndiki Amerika administrasiyasının dezavantajı ondan ibarətdir ki, bu cür bəyanatlar verərkən, ilk növbədə, sonrakı addımlarında uyğunsuzluq nümayiş etdirirlər. ABŞ Ermənistanla yaxınlaşaraq onun siyasətini ağlabatan adlandırır və Azərbaycanı özündən uzaqlaşdırmaq üçün hər şeyi edir. Prezident İlham Əliyev bu uyğunsuzluğu “nankorluq” adlandırıb.

O`Brayen bəyanatından ABŞ-ın nöqteyi nəzərindən region ölkələri üçün nəyin arzuedilməz olduğu anlaşılır. Bəs arzuedilən nədir?! Bu barədə bir söz deyilmir.

Lakin ABŞ-ın hərəkətləri əsasında belə qənaətə gəlmək olar ki, Vaşinqton üçün region ölkələrinin Rusiya və İranla qarşı-qarşıya dayanması arzuolunandır. Ağ Evə məhz qarşıdurma lazımdır! Ona görə də, məsələn, Azərbaycanın Rusiya və İranla münasibətlərdə müstəqilliyi Vaşinqtonda məmnunluq doğurmur.

Bir sözlə, ABŞ-da seçkilərə az vaxt qalıb və indiki administrasiyanın yox olması artıq zamanın tələbinə çevrilib, çünki Vaşinqtonun siyasətindəki bu uyğunsuzluq və qərəzlilik bütün ağlabatan sərhədləri aşır...

@cssc_cqtm

CSSC Baku

03 Oct, 17:00


Ermənistanın Konstitusiya Məhkəməsinin qərarı barədə...

Ermənistan Konstitusiya Məhkəməsinin sərhəd komissiyalarının reqlamentinə dair qərarı bu ölkənin siyasi və ictimai dairələrində geniş müzakirələrə səbəb olub. Sənəddə bir sıra maraqlı məqamlar öz əksini tapıb.

Anlaşılan odur ki, Konstitusiya Məhkəməsi iki suala aydınlıq gətirməyə çalışıb:

- Ermənistanın Müstəqillik Bəyannaməsi, orada qeyd olunan məsələlər və hədəflər Konstitusiyanın öz bəndləri kimi hüquqi qüvvəyə malikdirmi?

- Dövlət sərhədlərini müəyyən etmək üçün əsas olan “Ermənistan ərazisi” anlayışı nədir?


Konstitusiya Məhkəməsi öz qərarında Bəyannamə mövzusunu geniş işıqlandırıb. Qeyd olunub ki, bu, Konstitusiyanın dəyişməz hissəsidir, hətta istək və ya tələb olduqda belə Bəyannamənin dəyişdirilməsi mümkün deyil.

Bildirilib ki, Bəyannamədə sadalanan məsələlər və hədəflər Konstitusiyanın nəinki indiki, hətta əvvəlki versiyalarında da öz əksini tapmayıb. Bu isə o deməkdir ki, 1995-ci ildən Konstitusiya Bəyannaməyə istinad etsə də, Bəyannamədə olan müddəaların heç də hamısı Konstitusiyanın öz bəndləri kimi hüquqi qüvvəyə malik deyil.

Ərazi məsələsi ilə bağlı ikinci sualı cavablandıran Konstitusiya Məhkəməsi vurğulayıb ki, Ermənistan ərazisinin inzibati bölgüsünə dair müxtəlif illərə aid qanunlar mövcuddur. Həmin qanunlara uyğun olaraq Ermənistanın dövlət sərhədi müvafiq rayonların xarici sərhədləri boyunca keçməlidir.

Qərarın mətnində Ermənistanda “Dağlıq Qarabağ” adlı inzibati vahidin olması barədə məlumat yoxdur. Düzdür, Konstitusiya Məhkəməsinə Qarabağ ərazisinin Ermənistan ərazisi hesab edilib-edilməməsi ilə bağlı sual verilməyib. Məhkəməyə yalnız “Ermənistan ərazisi nədir?” sualı verilib və qurum məhz bu sualı cavablandırıb.

Bir sözlə, Ermənistan Konstitusiya Məhkəməsi faktiki olaraq belə qərara gəlib ki, Bəyannamənin Konstitusiya kimi hüquqi qüvvəsi yoxdur və Qarabağ Ermənistan ərazisinin bir hissəsi deyil.

Bunu Bakı üçün qənaətbəxş hesab etmək olarmı?

Paşinyan hökuməti sadə yolla getməyə qərar verib. Rəsmi İrəvan Konstitusiyaya dəyişiklik etmədən, yalnız Bəyannamədən imtina etməklə və Konstitusiya Məhkəməsinin qərarına əsaslanaraq sülh müqaviləsinin imzalanması üçün yol açmağa çalışır.

Bu qərar, hər necə olsa da, erməni tərəfinin real addımıdır və onlar xüsusən də Qərb platformalarında bu mövzunu qabardacaqlar.

Bununla belə, gələcəkdə Konstitusiya Məhkəməsinin yeni və fərqli tərkibinin hazırkı qərarı ləğv etməyəcəyinə, Bəyannaməyə başqa cür şərh verməyəcəyinə zəmanət yoxdur! Bu, artıq Koçaryanın Ermənistan prezidenti seçilməsi zamanı baş verib!

Digər tərəfdən, Paşinyanın 2020-2023-cü illər ərzindəki davranışı Ermənistanın baş nazirinə etibar etməmək üçün ciddi əsaslar yaradır. Burada 2021-ci il parlament seçkilərində qalib gəldiyi zaman Paşinyanın partiya proqramında “qurtuluş üçün ayrılma” məsələsinin qeyd etdildiyini yada salmaq kifayətdir.

Bununla yanaşı, Ermənistan Ali Sovetinin 1992-ci ildə qəbul etdiyi qərarlarda deyilir ki, Ermənistan “DQR” ərazisinin Azərbaycan ərazisi hesab edildiyi müqavilələrə qoşula bilməz.

Bəs Ermənistanın ATƏT-in Minsk Qrupunu buraxmaqdan imtina etməsi nə ilə bağlıdır? Əgər Qarabağ Ermənistanın ərazisi deyilsə, Ermənistan hökuməti niyə ATƏT-in Minsk Qrupundan yapışıb?

Qarabağ Ermənistanın ərazisi deyilsə və Ermənistanın Konstitusiya Məhkəməsi bunu təsdiqləyibsə, Ermənistanın baş naziri də silahlı qüvvələrini Azərbaycanın üç rayonundan çıxarmaq öhdəliyi ilə üçtərəfli bəyanatı imzalayıbsa, onda belə çıxır ki, Ermənistan Konstitusiya Məhkəməsinin qərarı Azərbaycan ərazilərinin işğalının tanınmasıdır!!!


Beləliklə də, əslində Ermənistanın Konstitusiya Məhkəməsi öz qərarı ilə bu ölkənin 25 il ərzində apardığı işğalçılıq siyasətini sənədləşdirib.

@cssc_cqtm

CSSC Baku

25 Sep, 17:00


Hərbi güc təhlükəsizliyin əsas qarantı kimi

Prezident İlham Əliyev Milli Məclisdəki çıxışında Azərbaycanın qarşısında duran bir nömrəli vəzifəni açıqladı: “Birinci nömrəli vəzifə hərbi gücümüzün artırılmasıdır... Əgər biz hərbi sahəyə diqqətimizi azaltsaq və oraya ayrılan vəsaiti lazımi səviyyədə təmin etməsək, gələcəkdə bizi problemlər gözləyə bilər”.

Beynəlxalq hüquq işləmir…

Dövlət başçısı öz çıxışında vurğuladı ki: “İndi dünyada nəinki siyasətlə məşğul olanlar, hesab edirəm ki, bütün insanlar görürlər ki, beynəlxalq hüquq anlayışı tamamilə sarsılıb. İkinci Dünya müharibəsindən sonra formalaşmış təhlükəsizlik arxitekturası artıq mövcud deyil, “Kim güclüdür, o da haqlıdır” prinsipi üstünlük təşkil edir və artıq bəzi böyük dövlətlər bunu heç gizlətmirlər”.

Həqiqətən də, bu günlərdə Nyu-Yorkda keçirilən BMT Baş Assambleyasında çıxış edən dünya liderlərinin bir çoxu beynəlxalq münasibətlərdəki mövcud böhranı etiraf etdilər və BMT Təhlükəsilik Şurasında islahatların aparılmasına, qlobal təhlükəsizlik sisteminin yenidən qurulmasının vacib olduğunu dilə gətirdilər.

... Azərbaycan isə ada deyil

İlk növbədə anlamaq lazımdır ki, Azərbaycan ada deyil və qlobal təhlükəsizlik böhranı ilə yanaşı, Azərbaycanın yerləşdiyi region, qonşuluqdakı ölkələrin siyasəti rəsmi Bakını öz hərbi gücünü artırmağa vadar edir.

Şimal qonşumuz Rusiyanın Ukrayaya hücumunun əsas motivi SSRİ-nin bərpasıdır və bu müharibənin sonu hələ ki, görünmür. Kremlin Cənubi Qafqazdakı fəallığı isə nəinki azalmır, hətta Ermənistana görə daha da artır. Bakı Rusiya sülhməramlılarını Qarabağdan çıxarmaqla Moskvanın bölgədəki mövcudluğunu məhdudlaşdırdı. İrəvan isə tam əksinə, Rusiya hərbi bazasından imtina etmir, Rusiya iqtisadiyyatını ayaqda saxlamaq üçün lazımi məhsulların (qızıl və almazların) Ermənistandan keçidini təmin etməklə Rusiyanın ixracını təmin edir və regionun Kreml üçün marağını daha da artrır.

Cənub qonşumuz İran əsasən Yaxın Şərqdəki proksi qüvvələri vasitəsilə ABŞ və İsraillə münaqişə vəziyyətindədir. İş o yerə çatıb ki, artıq İranın öz ərazisinə birbaşa zərbələr endirilir. Halbuki bir neçə il öncə bunu təsəvvür etmək belə çətin idi. Bu vəziyyət İranın idarəetmə sistemində böhrana səbəb olur. Hazırda İranda rəsmi dövlət strukturları ilə yanaşı, paralel dövlət qurumları (məsələn, SEPAH) da mövcuddur. Məhz sonuncular yaxın keçmişdə Azərbaycan ərazisində siyasətçilərə, İran ərazisində isə Azərbaycan səfirliyinə terror hücumları təşkil edib.

Müdafiə xərclərinın artırılması

Müasir dünyada müdafiə xərclərinin artırılması artıq qlobal trendə çevrilib və bu anlaşılandır. Əgər qlobal təhlükəsizlik və beynəlxalq hüquq sistemi işləmirsə, özünü qorumağın yeganə yolu hərbi gücün artırılmasıdır. Bu sahədə Azərbaycana qarşı, xüsusilə də Qərb ölkələri arasında embarqo ənənəsi mövcuddur. Mövcud praktika bir sıra ölkələrdən Azərbaycana silah satışı və hərbi texnologiya transferini məhdudlaşdırır.

Lakin Prezident İlham Əliyevin də qeyd etdiyi kimi: “...həm dünyada gedən proseslər, yeni münaqişə, müharibə ocaqlarının yaradılması və ətrafımızda gərginliyin artması, eyni zamanda, Ermənistanda revanşizm meyilləri bizi bu sahəyə daim diqqət göstərməyə vadar edir”. Belə şəraitdə Bakı məhdud tərəfdaşları vasitəsilə silahlanmalı, yerli silah istehsalını genişləndirməlidir.

Nəticə

Yerləşədiyimiz coğrafiyada belə bir qonşularla müstəqil dövlət olaraq sülh şəraitində yaşamaq əslində normal hal deyil və bu, yalnız fövqəladə fəaliyyətlər və tədbirlərin nəticəsidir. Bəzən bu fəaliyyətlər və tədbirlər əhalinin rahatlığına, iqtisadi münasibətlərin inkişafına mənfi təsir göstərir. Lakin təhlükəsizlik olmadan rahatlıq və iqtisadi inkişaf mümkün deyil. Bugünki reallıqda isə təhlükəsizliyin əsas qarantı hərbi gücdür. Azərbaycan Prezidentinin sözləri ilə desək: “Hərbi gücümüz olmasa, biz heç bir müstəvidə - nə iqtisadi, nə siyasi müstəvidə uğur qazana bilmərik”.

@cssc_cqtm

CSSC Baku

25 Sep, 15:03


Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin (CQTM) direktoru Fərhad Məmmədov Pressklub TV-nin efirində gedən “Əsas Sual” verilişində “ABŞ-də nazirlərin mühüm görüşü - Nə gözlənilir?” mövzusunda fikirlərini bölüşüb.

Daha ətraflı: https://www.youtube.com/live/lcWgAo1EoZY?si=0fUzpgHyGWighWcO

CSSC Baku

23 Sep, 17:02


BRICS Cənubi Qafqaz regionunda nəqliyyat dəhlizlərinə necə təsir göstərə bilər?

Azərbaycan BRICS-ə üzv olmaq üçün müraciət etdikdən sonra bu qlobal formata diqqət artıb. Bu ənənəvi qarşılıqlı əlaqə formatı deyil. Burada, məsələn, daimi katiblik yoxdur. Müzakirələr qarşılıqlı maraq doğuran ayrı-ayrı mövzular üzrə aparılır. Əgər təşkilatın bütün iştirakçıları arasında konsensus yoxdursa, bu, daxili böhrana çevrilmir, sadəcə olaraq müəyyən mövzular və layihələr üzrə ölkələrarası qruplaşmalar yaranır.

Azərbaycanın maraq göstərdiyi sahələrdən biri də nəqliyyat-kommunikasiya sahəsidir. Gəlin BRICS-in portfelindəki bu komponentə nəzər salaq və mövzunun BRICS-in fəaliyyətlərində necə əks olunduğunu anlamağa çalışaq.

Nəqliyyat və logistika mövzusu Çin və Rusiyadan güclü dəstək alır. Çin bu sahədəki BRICS layihələrini özünün qlobal “Bir kəmər, bir yol” təşəbbüsü ilə əlaqələndirməyə çalışır. Lakin Pekin öz qlobal təşəbbüsünün bütün infrastruktur layihələrini BRICS ölkələrinin maraqları ilə hələ tam uzlaşdıra bilməyib. Bununla belə, müəyyən sahələrdə və layihələrdə anlaşmaya nail olmaq mümkündür. Rusiya da öz növbəsində Şərq-Qərb və Şimal-Cənub istiqamətlərində nəqliyyat dəhlizlərinin inkişafında maraqlıdır.

Nəticədə 2023-cü ilin avqustunda Yohannesburqda keçirilən sonuncu sammitdə BRICS-in nəqliyyat üzrə daimi komissiyası yaradılıb.

2024-cü ilin iyununda BRICS-ə üzv ölkələrin nəqliyyat nazirlərinin ilk iclası keçirildi və BRICS ölkələrinin bağlılığı Bəyannaməsi qəbul edilib. Bəyannamədə BRICS ölkələri arasında nəqliyyat sahəsində birgə layihələrin və texnoloji əməkdaşlığın həyata keçirilməsində işbirliyinin inkişafı çağırışı əks olunur.

Bu sahədə qabaqcıl təcrübə və innovasiyaların mübadiləsi üçün nəzərdə tutulmuş BRICS Transport rəqəmsal platforması yaradılır. Bundan əlavə, BRICS-in Biznes Şurasında Nəqliyyat və Logistika üzrə Alt Qrup formalaşdırılıb və BRICS Nəqliyyat Akademiyasının yaradılmasına hazırlıq işlərinə başlanılıb.

Bir sözlə, BRICS nəqliyyat və logistika məsələləri üzrə mexanizmlər və alətlər yaradır. Bununla yanaşı, BRICS çərçivəsində on milyardlarla dollar ehtiyata malik olan və SWIFT-ə alternativ öz maliyyə sistemini yaratmağa çalışan Yeni İnkişaf Bankı (Dünya Bankına alternativ) fəaliyyət göstərir. Beləliklə, güman etmək olar ki, nəqliyyat və logistika mövzusu digər prioritetlərlə yanaşı, strukturun maliyyə ehtiyatlarının tətbiqi məkanına, bu sistem daxilində ödənişlər isə yeni maliyyə sisteminin ilk addımlarına çevrilə bilər.

Çin artıq keçən ilin oktyabrında multimodal “Bir kəmər, bir yol” Kommunikasiyaları Şəbəkəsi, xüsusən də Transxəzər Nəqliyyat Dəhlizi də daxil olmaqla Çin-Avropa dəmir yolu xəttinin dəstəklənməsi barədə qərar qəbul edib. Kazan sammitində bu təşəbbüslərin BRICS-in himayəsi altına salınması gözlənilir. Bu, həm maliyyə cəlb etməyə, həm də BRICS ölkələrinin institusional iştirak səviyyəsini artırmağa imkan verəcək.

Çin və Rusiya təşəbbüsləri ilə yanaşı, BRICS çərçivəsində Hindistanın Şimal-Cənub təşəbbüsü də var ki, bu da bizim regiona aiddir. Ehtimal ki, məhz onun tərkib hissəsi kimi Ermənistan gələcək sammitin iştirakçıları siyahısına düşüb. Ermənistanın baş nazirinin iştirakı, ilk növbədə, Hindistanın siyasi təşəbbüsü və Ermənistanın nəqliyyat komponentinə qoşulmasıdır.

Belə qənaətə gəlirik ki, Kazanda keçiriləcək sammitdə BRICS üzvləri müxtəlif layihələri BRICS-in “çətiri altına” salmaq üçün lobbiçilik edəcəklər. Əlbəttə ki, BRICS çərçivəsində bütün bu layihələr və sahələr üzrə qərarlar qəbul edilsə də, əsas məsələ işlərin icra sürəti və səmərəliliyi olacaq.

Bütövlükdə Cənubi Qafqaz, xüsusən də Azərbaycan həm Şərq-Qərb, həm də Şimal-Cənub vektorlarının mərkəzindədir. Azərbaycan diplomatiyasının BRICS-ə üzvlüklə bağlı fəaəliyyəti, Çin (Şərq-Qərb) və Rusiyanın (Şimal-Cənub) dəstəyinin təmin edilməsi iqtisadiyyat və nəqliyyata cavabdeh olan, BRICS-in mexanizm və alətlərinin öyrənilməsi üzrə ixtisaslaşmış dövlət strukturlarının fəal işi ilə birgə aparılmalıdır.

@cssc_cqtm

CSSC Baku

13 Sep, 17:01


Qərb Rusiyanın Cənubi Qafqazdakı səhvlərini təkrarlayır

ABŞ Konqresinin Helsinki Komissiyası “Ermənistanda demokratiyanın dəstəklənməsi və Qərb gələcəyi” mövzusunda dinləmələr keçirib. Başlıqdan da göründüyü kimi, “demokratiya” və “Qərb gələcəyi” kimi əlamətdar ifadələr işlədilib.

Bu dinləmələr Qərbin Ermənistanı dəstəkləmək mövzusuna yanaşmasının bir nümunəsidir ki, burada ermənilərin bütün tezisləri, Azərbaycana qarşı yalan və böhtanlar beynəlxalq hüquqa və regiondakı reallığına məhəl qoymadan istifadə olunub.

Ermənistan adından aşağıdakılar çıxış ediblər:

- Səfir Daniel Baer - erməni diasporu ilə əməkdaşlıq edən təqaüdçü amerikalı diplomat, hazırda Karnegi Mərkəzində işləyir;

- Olesya Vartanyan - Beynəlxalq Məşvərət Qrupundan ayrılandan sonra Ermənistan hökuməti tərəfindən xarici forumlarda çıxış etmək və Azərbaycan əleyhinə layihələr həyata keçirmək üçün seçilib;

- Tiqran Qriqoryan - Qarabağ əsilli Ermənistan eksperti, ölkənin Təhlükəsizlik Şurası Katibliyinin keçmiş əməkdaşı, hazırda Armen Qriqoryanın əsas tezislərinin carçısı.

Bu mənzərə bizə Osmanlılara və türk dövlətlərinə qarşı müharibədə dəstək qazanmaq, “qədim xristianları” müsəlmanlardan xilas etmək üçün məktub və yalvarışlarla ilk dəfə Qərb paytaxtlarını dolaşan erməni elçiləri xatırladır. Qərbdə dolaşan erməni elçiləri o zaman Rusiyada özlərinə arxa-dayaq tapdılar.

ABŞ Konqresində müasir erməni elçilərinin çıxışında Paşinyanın bütün məlum tezisləri səsləndi, İrəvanda hazırlanmış mətnlər oxundu. Burada Ermənistanın Rusiyanı tərk etməsi üçün daha böyük dəstək tələbləri, Ermənistana və Qarabağdakı separatçılara qarşı hərəkətlərinə görə Azərbaycanın cəzalandırılması, digər bir sıra yalan rəvayətlər və yalvarışlar öz əksini tapdı. İrəvan Qərbdən xahiş edib ki, KTMT, Aİİ üzvlüyünü və Rusiya hərbi bazasının mövcudluğunu başa düşürək onları bağışlasınlar. Konqres başa düşdü, bağışladı və Ermənistana kömək edəcəyinə söz verdi.

Axı belə vəziyyətdə Ermənistana necə kömək etməmək olar?! Axı Paşinyan “təzyiq altında” BRİKS sammitinə gedir, Rusiya ilə ticarət dövriyyəsini artırmağa “məcbur qalır”, “silah gücü” ilə MDB və Aİİ sammitlərinə qatılır, “şantaj” altında Rusiyanın Ermənistandakı hərbi bazasını, Rusiya sərhədçilərini İran və Türkiyə ilə sərhəddə saxlayır.

Qərbin Ermənistanla bağlı siyasəti olduğu kimi davam edəcək, çünki İrəvana dair artıq qərar qəbul edilib, sənədlər imzalanıb (aprelin 5-də Brüsseldə). Azərbaycan mətbuatının o zamanlar yazdıqları, amerikalıların və avropalıların rədd etdikləri bütün məsələlər artıq həyata keçirilir.

Amerikalılar USAİD vasitəsilə yardımı ikiqat artırır, hərbi təlimlər keçirir və hərbi müşavirlərini Ermənistanda saxlayır, Aİ sülh fondu vasitəsilə silah təmin edir, Aİ missiyasını gücləndirir, Fransa Ermənistanın büdcə kəsirini birbaşa maliyyələşdirir.

Yəni Ermənistanın hərbi xərclərini ABŞ və Aİ maliyyələşdirir!!!

Eyni zamanda yüzlərlə yaşayış məntəqəsinin xarabalığa çevrildiyi, ermənilərin yerləşdirdiyi bir milyon yarım minanın olduğu Azərbaycana mikroskopik yardımlar edilir.

Biz bütün bunları artıq görmüşük...

25 il ərzində bu rolu Ermənistanı hər cəhətdən təmin etməyə çalışan Rusiya oynayıb, Ermənistanın Azərbaycan ərazilərini işğalını davam etdirməsi üçün İrəvana lazım olan bütün resursları onun ixtiyarına verib. Hətta 2016-cı ildə İskəndərlər də verilib.

Bəs Rusiya üçün nəticə nə oldu?!

Qərbin Ermənistana sülh müqaviləsi olmadan və antiazərbaycan kontekstində verdiyi dəstək erməni dövlətçiliyinin, qondarma üçüncü respublikanın təməllərində dayanan təcavüzkar siyasətə dəstəkdir. Azərbaycan birtərəfli yanaşmaları qəbul etmir və “yerdə” hərəkətləri ilə, Ermənistanı regional layihələrdən əngəlləməkdə davam edərək, Ermənistanı Konstitusiyanı dəyişməyə məcbur etməklə geosiyasi xətlərin formalaşmasına mane olacaq.

Ermənistanın Qərb tərəfindən hərbiləşdirilməsi danışıqlar prosesinə mənfi təsir göstərir, çünki bu, İrəvanın aqressivliyini təşviq edir və regionun problemlərinin həllinə töhfə vermir, əksinə, mövqelərin sərtləşməsinə gətirib çıxarır.

@cssc_cqtm

CSSC Baku

12 Sep, 17:00


Azərbaycanla Avropa institutları, xüsusən AŞPA arasındakı növbəti gərginlik nəyə gətirib çıxaracaq!?

Azərbaycanın xarici siyasətinin Avropa istiqaməti institusional olaraq üç yarım institutu əhatə edir:

- Avropa Şurası (AŞPA daxil olmaqla) - tamhüquqlu üzvlük;
- ATƏT - tamhüquqlu üzvlük, funksiyasını itirmiş struktur;
- Avropa İttifaqı - qarşılıqlı əlaqələr haqqında sazişi, energetika sahəsində strateji tərəfdaşlıq haqqında memorandum;
- Avropa Siyasi Birliyi - ATƏT-i əvəz etmək üçün hələ ki, yeni yaranan qarşılıqlı fəaliyyət formatı.

44 günlük müharibədən sonra yalnız Aİ danışıqlar prosesində rol oynamaq imkanı əldə etdi. Lakin Aİ Şurasının sədri Şarl Mişelin Qranada Bəyanatını imzalaması səbəbindən bu vasitəçilik missiyası uğursuz oldu.

Bununla yanaşı, Aİ institutu olan Avropa Parlamenti (AP) ən radikal anti-Azərbaycan mövqeyi tutdu. Avropa Şurası Parlament Assambleyası (AŞPA) da AP-nin nümunəsi üzrə hərəkət etməyə qərar verdi. Lakin AP-dən fərqli olaraq, AŞPA-da Azərbaycan tamhüquqlu üzvdür və milli nümayəndə heyəti ilə təmsil olunur.

Almaniyalı deputat Şvabenin Azərbaycana qarşı təşkil etdiyi böhtan kampaniyası Milli Məclislə AŞPA arasında münasibətlərdə böhrana səbəb olub. Azərbaycan nümayəndə heyəti AŞPA-dakı iştirakını bir il müddətinə dondurdu, bunun ardından isə AŞPA Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərini dayandırdı.

AŞPA-nın bu cür münasibətinə səbəb Ermənistan Silahlı Qüvvələrinin qalıqlarını məhv etmək üçün Azərbaycanın sentyabr ayında Qarabağda keçirdiyi antiterror əməliyyatı və Azərbaycanın bütün ərazilərdə suverenliyini bərpa etməsidir. Avropa Azərbaycanın bunu bacarması ilə barışa bilmir, çünki Azərbaycanın maraqları bahasına Avropanın regionda daimi arbitr rolunu oynayacağı nəzərdə tutulurdu.

Bir neçə ay ərzində AŞPA-ya üzv olan bir sıra ölkələrin milli nümayəndə heyətləri münasibətlərin normallaşdırılması və Azərbaycan nümayəndə heyətinin təşkilata qayıtması məqsədi ilə AŞPA-ya müraciət ediblər. Lakin bütün bu müraciətlərə məhəl qoyulmayıb.

Azərbaycan da öz növbəsində AŞPA-nı parlament seçkilərini izləməyə dəvət etməyib, həmçinin Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərinin dayandırılmasına səs verən hər kəsin ölkəyə girişinə qadağa qoyub.

Bu da məntiqlidir, ərazi bütövlüyünü və suverenliyini bərpa etdiyinə görə Azərbaycana qarşı sanksiyalar tətbiq etməklə məşğul olan bir qurumun nümayəndələrini ölkəyə dəvət etmək və onlara ölkəyə giriş imkanı vermək nəyə lazımdır?!

Bununla yanaşı, Azərbaycan Prezidenti İlham Əliyev İtaliyada keçirilən forumda çıxışı zamanı qeyd edib ki, Azərbaycan yalnız öz nümayəndə heyətinin bu qurumda səlahiyyətləri bərpa edildikdən sonra AŞPA üzvlərinin ölkəyə səfərinə qoyulan qadağanı aradan qaldıracaq.
Azərbaycanın bu konstruktiv mövqeyi AŞPA-da, xüsusən də deputat Şvabe və onun əlaltıları arasında hiddətlə qarşılanıb.

Tərəflər arasındakı böhranın növbəti kəskinləşməsi bu yaxınlarda baş verib. Belə ki, Avropa Azərbaycanı İşgəncələrə Qarşı Komitə ilə, yəni ittiham edilərək həbs olunan erməni separatçıları mövzusunda əməkdaşlığa məcbur etmək istəyir.

Bu davranış cavabsız qala bilməz. Azərbaycan ərazi bütövlüyü və ədalətin bərpası mövzusuna heç bir kənar müdaxiləyə imkan verməyəcək. Bakı həbs edilmiş 23 Ermənistan vətəndaşı mövzusuna məhz belə yanaşır. Əgər ərazi bütövlüyünə, suverenliyinə, ədalətin bərpasına görə Azərbaycan Avropa Şurasından çıxmalı olsa, bu, baş verəcək! Və heç kim buna şübhə etməsin!

Fikir mübadiləsi aparılan diplomatik mənbələrdən məlum olur ki, Azərbaycan hadisələrin bu cür inkişafına hazırlaşıb və növbəti antiazərbaycan addımlarını gözləmədən Avropa Şurasından çıxmaq üçün addımlar ata bilər.

Azərbaycan Prezidenti İlham Əliyev normallaşmanın hansı şərtlərdə baş verə biləcəyini qeyd edib. Bu şərtlər yerinə yetirilməsə, təşkilatdan çıxış prosesinə start veriləcək!


@cssc_cqtm

CSSC Baku

11 Sep, 17:00


Qlobal təhlükəsizlik və idarəetmə sisteminin böhranı dövründə Azərbaycanın yeri (III hissə)

Azərbaycan nə edir?!

Hazırda dünya nizamı dərin böhran içindədir. Mövcud qlobal təhlükəsizlik arxitekturası öz effektivliyini itirib, beynəlxalq maliyyə sistemi sanksiyalar üçün alətə çevrilib. Prosesin sonu hələ də görünmür, yeni oyun qaydalarının nə zaman bərqərar olacağı isə məlum deyil.

Qlobal qarşıdurma tərəflərinin nüvə dövlətləri olması onlardan hər hansı birinin açıq müharibədə qələbəsini mümkünsüz edir. Bu, dünya miqyasında qeyri-müəyyənlik şəraitinin hələ xeyli müddət davam edəcəyini vəd edir. Mövcud qlobal təhlükəsizlik və idarəetmə sisteminin artıq işləmədiyi, yenisinin isə hələ formalaşmadığı bir zamanda Azərbaycanın atdığı addımlar onun geosiyasi identikliyindən irəli gəlir və rəsmi Bakının tarixi-mədəni coğrafiyamızda baş verənlərə reaksiyasıdır.

Azərbaycan ilk gündən Cənubi Qafqaz və qonşularını bir araya gətirən 3+3 formatının iştirakçısıdır. Türkiyə ilə müttəfiqliq münasibətlərini rəsmiləşdirərək regionda dominant mövqelərə yiyələnmək istiqamətində addımlar atılır. 3+3 formatında iştirak etməyən Gürcüstanla məhz Azərbaycan və Türkiyə üçtərəfli əməkdaşlıq formatını dərinləşdirərək regional güc mərkəzinə çevrilməkdədir.

Avropa istiqamətində artıq regional idarəetmə sisteminin yeni elementi kimi çıxış edən Avropa Siyasi Birliyi yaxın gələcəkdə ATƏT-ə alternativ ola bilər. Bu formatın öncəkindən əsas fərqi onun daxilində ABŞ və ya Rusiya kimi dominant tərəflərin olmamasıdır. Azərbaycan burada Şərqi və Cənub-Şərqi Avropa dövlətlərinin simasında özünə xeyli tərəfdaş qazanmağı bacarıb. Əgər Avropa Siyasi Birliyi də sonradan “yeni ATƏT-ə” çevrilsə, Bakı öz mövqeyini bəyan edəcək.

Postsovet məkanına nəzər salsaq, Azərbaycan MDB-nin üzvü olaraq qalır. Bu təşkilat bir sıra üzvlərini itirməklə xeyli zəifləsə də, Bakı regional miqyasda hələ də mövcud platforma rolunu oynayan bir tribunadan özünü məhrum etmək fikrində deyil.

Azərbaycan Mərkəzi Asiya ölkələri ilə həm ikitərəfli qaydada, həm də Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşləri, TDT, ŞƏT kimi formatlar və təşkilatlar vasitəsilə ən yüksək səviyyədə əlaqələrini dərinləşdirir. Digər Asiya dövlətlərilə münasibətlər də diqqətdən kənarda qalmır. Bakı Pakistanla yanaşı artıq Çinlə də strateji əməkdaşlıq qurur, Əfqanıstanla əlaqələr saxlayır.

Yaxın Şərqə gəlincə, burada bölgə dövlətləri arasında uzun illərdir davam edən ədavət səbəbindən bütün regionu əhatə edən ümumi idarəetmə sistemi hələ də mövcud deyil. Buna baxmayaraq, Azərbaycan region ölkələrilə ikitərəfli əməkdaşlığı inkişaf etdirməklə yanaşı, Ərəb Dövlətləri Liqası və Körfəz Əməkdaşlıq Təşkilatı ölkələri ilə də davamlı münasibətlər qurub.

Nəqliyyat kommunikasiyaları sahəsində Azərbaycan Şimal-Cənub, Şərq-Qərb (Orta Dəhliz) layihələri üçün vacib olan infrastrukturu fəal şəkildə formalaşdırır. Bu yolla Bakı həm qlobal, həm də regional oyunçuların diqqətini özünə çəkir, Azərbaycanı dünya miqyasındakı təchizat zəncirlərinin vacib halqasına çevirmək niyyətindədir.

Enerji təhlükəsizliyi qlobal gərginliyin artdığı bir zamanda getdikcə daha böyük əhəmiyyət daşımağa başlayır. Belə şəraitdə Azərbaycan Avropa və Mərkəzi Asiya ölkələri hesabına öz enerji ixracının coğrafiyasını genişləndirmək, eləcə də ixracın strukturunu zənginləşdirməklə (neft-qazla yanaşı, yaşıl enerji) qlobal enerji təhlükəsizliyinə töhfələr verir.

Beləliklə də, Azərbaycan fərqli tarixi-mədəni coğrafiyalara məxsus olmanın verdiyi imkanlardan maksimum istifadə edir. Bakı BRİCS, Qoşulmama Hərəkatı, COP və İƏT kimi dünya miqyaslı platformalar vasitəsilə BMT-dəki islahatlar, eləcə də Bretton-Vud sisteminə alternativin yaradılması kimi qlobal diskurslarda iştirak edir.

Burada əsas məqsəd Azərbaycanın səsini dünya ictimaiyyətinə çatdırmaq, öz ətrafına daha çox tərəfdaşlar toplamaq və ən əsası - açıq qarşıdurma dövründə bütün tərəflərin Azərbaycanın təhlükəsizliyində maraqlı olmasını təmin etməkdir.


Məqalə ilə tam şəkildə burada tanış ola bilərsiniz: cssc.az/az/view/2/66

CSSC Baku

10 Sep, 17:01


Qlobal təhlükəsizlik və idarəetmə sisteminin böhranı dövründə Azərbaycanın yeri (II hissə)

Azərbaycanın geosiyasi identikliyi: Biz haradayıq?

Azərbaycan tarixən formalaşmış olduqca mürəkkəb və çoxtərəfli geosiyasi identikliyə malikdir. Bu identikliyi təşkil edən amilləri onların xarakteri və əhəmiyyətinə görə iki qismə ayırmaq olar:

- Təbii və dəyişməz qalan təməllər;
- Sonradan yaradılan və zamanla dəyişməsi mümkün olan əsaslar.


Azərbaycanın geosiyasi identikliyinin dəyişməz amilləri aşağıdakılardır:
- Tarix (Cənubi Qafqaz, Orta Asiya, Yaxın Şərq, Rusiya İmperiyasının və SSRİ-nin bir hissəsi);
- Coğrafiya (Avropa qitəsinin bir hissəsi);
- Dini mənsubiyyət (İslam aləmi);
- Dil/mədəniyyət (Türk dünyası).

Hazırda Azərbaycanın MDB üzvü olması onun yaxın tarixi keçmişindən qaynaqlanır. Avropa qitəsinin bir parçası olduğu üçün Azərbaycan ATƏT-in fəaliyyətində yaxından iştirak edir. Dini mənsubiyyətinə görə Azərbaycan İslam Əməkdaşlığı Təşkilatının ən fəal üzvlərindəndir. Ortaq dil və mədəniyyət isə Azərbaycanı Türk Dövlətləri Təşkilatının ideya müəllifi və qurucularından birinə çevirib.

Bu təməllər uzun illərdir Azərbaycanın xarici siyasətinin təbii və dəyişilməz əsaslarını təşkil edir. Onlardan hər hansı birinə üstünlük verilərsə, digəri mütləq şəkildə zərər görəcək. Bunu nəzərə alaraq, rəsmi Bakı daim balanslaşdırılmış xarici siyasət həyata keçirməyi tərcih edir.

Müstəqillik illərində Azərbaycan geosiyasi identikliyi sadalanan dəyişməz amillərlə yanaşı, yeni elementlərlə zənginləşdirilib:

- Enerji axınları;
- Nəqliyyat və logistika imkanları;
- Qoşulmama Hərəkatı və antimüstəmləkə cərəyanı;
- COP və qlobal iqlim gündəliyi.

Hazırda Azərbaycan öz enerji ixracının xəritəsini genişləndirir. Eyni zamanda, ixrac edilən enerji daşıyıcılarının strukturu da dəyişir, burada neft və qaz kimi ənənəvi mənbələrlə yanaşı yaşıl enerjininçəkisi artır. Bakı Şimal-Cənub və Şərq-Qərb (Orta Dəhliz) layihələrini uğurla inkişaf etdirir, beynəlxalq nəqliyyat marşrutlarının yeni şaxələrini inşa edir. Həmçinin, Azərbaycan Qoşulmama Hərəkatının liderlərindən biri olaraq böyük dövlətlərin müstəmləkəçi siyasətindən əziyyət çəkən kiçik dövlətlərə və azsaylı xalqlara dəstək verir. Bununla yanaşı, COP 29-a ev sahibliyi etməyə hazırlaşan Bakı olduqca aktual xarakter daşıyan qlobal iqlim müzakirələrindən də geri qalmır.

Bu cür mürəkkəb, qarışıq və çoxtəbəqəli geosiyasi identiklik həm böyük imkanlar, həm də çoxsəviyyəli risklər yaradır. Azərbaycanın xarici siyasəti mövcud imkanlardan məharətlə istifadə edir, risklərin təsirini minimuma endirir.

Azərbaycan mövcud təhlükəsizlik və idarəetmə sisteminin artıq işləmədiyini hamıdan əvvəl anlayıb. 44 günlük müharibə dövründə Azərbaycanı dəstəkləyən fərqli ölkələrin koalisiyası, müharibə dövründə və sonra BMT TŞ-da, ATƏT və Aİ-də formalaşan həmlələri dəf etmək imkanları məhz geosiyasi identikliyin çoxtəbəqəliyindən irəli gələn imkanlardan məharətlə istifadəsinin nəticəsi idi.


Bununla belə, dünya sürətlə dəyişir və açıq qarşıdurma mərhələsinə qədəm qoyur. Artıq kiçik dövlətlərin xarici siyasəti məhdudlaşır və onlar güc mərkəzlərinin fəal maraq obyektinə çevrilir. Kiçik dövlətlər hərbi əməliyyatlar teatrının bilavasitə yaxınlığında yerləşirsə və ya onların ərazisində münaqişələr mövcuddursa, həmin dövlətlərin öz iradəsinə zidd olaraq qlobal qarşıdurmaya cəlb edilməsi riski yaranır.

Mürəkkəb geosiyasi identiklik daxili parçalanmaya da təsir edir. Hakimiyyətin əsas vəzifələrindən biri milli məqsədlər ətrafında həmrəyliyə nail olmaqdır, çünki daxili parçalanma böyük dövlətlərə daha kiçik dövlətlərin xarici siyasətini nəzarətə götürmək imkanı yaradır.

Beləliklə, qlobal və regional sistemlərin iflic vəziyyətə düşməsi və yeni sistemlərin formalaşmadığı şəraitində Azərbaycan əsas problemini həll etmiş oldu. Bu mürəkkəb şəraitdə təhlükəsizliyi və iqtisadi inkişafı təmin etməklə yanaşı, rəsmi Bakının qarşısında qlobal və regional sistemlərin yenidən formalaşmasında iştirak etmək kimi vəzifələr dayanır.

@cssc_cqtm

CSSC Baku

09 Sep, 17:00


Qlobal təhlükəsizlik və idarəetmə sisteminin böhranı dövründə Azərbaycanın yeri (I hissə)

Qlobal sistemin böhranı: Kompromisdən qarşıdurmaya keçid

Müasir qlobal təhlükəsizlik və idarəetmə sistemi İkinci Dünya müharibəsindən sonra formalaşıb. Bu sistemin əsasında Birləşmiş Millətlər Təşkilatı (BMT), xüsusilə də onun Təhlükəsizlik Şurası (TŞ) dayanıb. Beş daimi üzvün (ABŞ, SSRİ/Rusiya, Çin, Britaniya, Fransa) həlledici rol oynadığı Şura bir növ qlobal təhlükəsizlik çətiri rolunu oynayıb. Belə ki, beynəlxalq sülhün və təhlükəsizliyin qorunması məhz ona həvalə edilib.

Qlobal siyasi sistemə paralel olaraq, ümumdünya maliyyə-iqtisadi sistemi də yenidən qurulub. Bretton-Vud razılaşmaları ilə qızıl standartına əsaslanan əvvəlki beynəlxalq maliyyə və ticarət hesablaşmaları ABŞ dollarına əsaslanan bugünki sistemlə əvəzlənib. Məhz bu razılaşmaların nəticəsi olaraq Dünya BankıBeynəlxalq Valyuta Fondu kimi qlobal maliyyə institutları meydana çıxıb.

Regional səviyyədə bir-birinə əks olan iki hərbi ittifaq - Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) və Varşava Müqaviləsi Təşkilatı formalaşsa da, onların arasında konsensus bərqərar olub. Regional miqyasda siyasi mübahisələri həll etmək üçün isə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) qurulub.

Ötən əsrin 90-cı illərində Sovet İttifaqının dağılmasından sonra Qərbmərkəzli dünya idarəetmə sistemi dominant mövqeyə yiyələndi. Əvvəllər Varşava blokunun üzvü olan Şərqi Avropa dövlətləri, eləcə də SSRİ-nin tərkibindəki Baltikyanı ölkələr NATO düşərgəsinə qoşuldu. Digər postsovet ölkələri, o cümlədən də Mərkəzi Asiya respublikaları isə ATƏT-ə qatıldı.

Bu sistem yalnız yeni minilliyin ikinci onilliyinədək davam gətirməyi bacardı. Qeyd olunan dövrədək ara-sıra siyasi münaqişələr və iqtisadi təlatümlər baş versə də, problemlər mövcud təhlükəsizlik sistemi daxilində öz həllini tapırdı. Lakin 21-ci əsrin ikinci onilliyində Rusiyanın toparlanması və Çinin yüksəlişi onların öz iddialarını ortaya qoyması ilə nəticələndi.

Qlobal təhlükəsizlik və idarəetmə sistemindəki ilk böyük çat Suriya münaqişəsi fonunda yarandı. Bu ölkədə hakimiyyət dəyişikliyinə nail olmaq istəyən Qərb uğursuzluğa düçar oldu. Ukraynadakı qarşıdurma isə yaranmış çatı daha da dərinləşdirərək beynəlxalq sistemin sonrakı fəailiyyətini mümkünsüz etdi. Qərbin bu ölkədəki uğurunun qarşısını dinc vasitələrlə ala bilməyən Rusiya yeganə çıxış yolu kimi müharibəni seçdi.

Məhz Ukrayna müharibəsi müasir ümumdünya təhlükəsizlik və idarəetmə sistemini iflic vəziyyətinə saldı. Bu sistemin əsasını təşkil edən BMT TŞ-da hər zaman mövcud olmuş rəqabət artıq əsl düşmənçiliklə əvəzləndi.

Beləliklə də, Suriya və Ukrayna müharibələri İkinci Dünya müharibəsindən sonra formalaşan qlobal və regional təhlükəsizlik sisteminin çöküşünə gətirib çıxardı. Dünya miqyasında BMT, regional səviyyədə isə ATƏT öz funksiyasını itirdi.

Məhz bu səbəbdən hazırda BMT və onun TŞ-da islahatların aparılmasının vacibliyi gündəmə gətirilir. ATƏT-lə bağlı isə fərqli təşəbbüslərin şahidiyik. ABŞ öz dominantlığı ilə ATƏT-i qorumaq istədiyi halda, Avropada ABŞ-sız və Rusiyasız Avropa Siyasi Birliyi formatına üstünlük verilir. Avropa İttifaqı sadəcə iqtisadi güclə yanaşı daha müstəqil geosiyasi və hərbi güc kimi çıxış etmək niyyətindədir. Hər iki təşəbbüsün aqibəti Ukrayna müharibəsinin nəticəsinə bağlıdır.

Bu müharibəyə görə Rusiyaya qarşı tətbiq olunan sanksiyalar Kremllə əməkdaşlıq edən bir sıra ölkələr üçün ümumdünya ticarət və hesablaşmalar sistemini qeyri-işlək hala gətirib. Odur ki, hazırda qlobal maliyyə idarəetmə sistemində də beynəlxalq valyuta kimi dollara əvəz axtarılır, yerli valyutalara əsaslanan alternativ hesablaşma mexanizminin yaradılmasına cəhd edilir.

Bir sözlə, hazırda dünya olduqca mürəkkəb və qeyri-müəyyən tarixi zaman kəsiyindən keçir. Mövcud qlobal idarəetmə sistemi artıq işləmir, yeni sistem isə hələ formalaşmayıb. Fərqli qlobal və regional təşəbbüslər irəli sürülür ki, bunların hansının daha dayanıqlı olması gələcək proseslərdən asılıdır.

@cssc_cqtm

CSSC Baku

04 Sep, 17:00


Ermənistanın neytrallığı - İrəvan üçün optimal çıxış yolu

Ermənistan oktyabrın 20-də Kazanda keçiriləcək BRİCS sammitində iştirak edəcək. Bu o deməkdir ki, Paşinyan Rusiyaya səfər edəcək və ölkə prezidenti ilə görüşmək imkanı əldə edəcək.

Kazan sammitində Azərbaycan da təmsil olunacaq. Lakin Bakı təkcə BRİCS tədbirində iştirakla kifayətlənmir, həm də təşkilata üzvlük üçün müraciət edib.

Azərbaycanın ardınca yaxın zamanlarda Ermənistanın da quruma ən azı müşahidəçi statusu almaq üçün müraciət etməsi mümkündür. Çünki bunu Hindistan istəyə bilər.
Bu, BRİCS-də yeganə ölkədir ki, Azərbaycanın təşkilata üzvlük məsələsinə o qədər də isti münasibət bəsləmir. Odur ki, Dehli Bakıya alternativ olaraq İrəvanı BRİCS-ə üzv və ya müşahidəçi statusu almağa sövq edə bilər.

Oxşar proses ŞƏT kontekstində də müşahidə olunub. Azərbaycanla yanaşı Ermənistan da ŞƏT-də statusunun artırılması üçün müraciət edib. Lakin bilirsinizmi Azərbaycanla Ermənistan arasında əsas fərq hansıdır?

Azərbaycan öz strategiyası çərçivəsində şüurlu şəkildə BRİCS və Asiya strukturlarında iştirakını artırır. Amma Ermənistan bu addımları könülsüz, tərəfdaş ölkələrin təklifi ilə atır və onlardan imtina edə bilmir.

Ermənistan iqtidarı öz düşüncəsi ilə Qərbdədir. Lakin İrəvan Çinlə münasibətlərə görə ŞƏT-ə, Hindistana görə BRİCS-ə qatılmağa, Rusiyaya görə KTMT və AİB-də qalmağa, İrana görə 3+3 formatında iştirak etməyə məcburdur.

Vəziyyətin absurdluğu da buradadır: Ermənistan üzünü Qərbə çevirdiyini elan etsə də, Avrasiya və Asiya strukturlarında iştirakını getdikcə daha da dərinləşdirir.

Azərbaycanın BRİKS-ə üzv olmaq və ŞƏT-də statusunu artırmaq niyyətinə qarşı Qərbdə hansı emosiya tufanının yaşandığı, Ermənistanın BRICS sammitində iştirakını elan etməsindən sonra isə bunun əksinə olaraq necə sakitliyin hökm sürdüyü diqqət çəkir.

Ermənistanın himayədar ölkələrdən belə asılılığı yalnız Azərbaycanla qarşıdurma nəticəsində formalaşıb. Bu, 2020-ci ildən sonrakı təcavüzün və dağıdıcı fəaliyyətin qiymətidir.

Məhz buna görə Ermənistan üçün optimal çıxış yolu neytral ölkə olmaqdır ki, havadarları ondan əl çəksinlər. Yalnız bundan sonra İrəvan sözündən çıxa bilmədiyi tərəfdaşlarının iradəsi ilə hərəkət etmək məcburiyyətindən yaxa qurtaracaq və beynəlxalq münasibətlərdə qarşıdurma vəziyyətində olan iki qütb arasında qalmayacaq.

@cssc_cqtm

CSSC Baku

02 Sep, 17:00


İqtisadi diplomatiya (III hissə)

Azərbaycan qeyri-neft ixracının artırılması istiqamətində zəruri tədbirlər həyata keçirməklə mövcud məhdudiyyətləri aradan qaldıra və gömrük ittifaqları ilə əməkdaşlığı genişləndirməklə qeyri-neft ixracının əsaslı şəkildə artımına nail ola bilər.

Qeyri-neft ixracının artırılması baxımından ilkin şərt qeyri-neft istehsalının artırılmasıdır. Bunun üçün emal sənayesinin inkişafının sürətləndirilməsi, yeni istehsal sahələrinin yaradılması, isthesal prosesinin bütün mərhələlərini keçən məhsul istehsalının stimullaşdırılmasına ehtiyac vardır. İstehsal və ixracın diversifikasiyası mürəkkəb proses olduğundan ilkin mərhələdə üfüqi diversifikasiyanın tətbiqi (eyni sektorda istehsal edilən məhsul növlərinin artırılması) məqsədəuyğun olar. Məsələn, ilkin mərhələdə kimya sənayesi və kənd təsərrüftına aid olan emal mərhələlərini keçmiş məhsulların istehsalını artırmaq olar. Daha sonra şaquli diversifikasiyaya (fərqli sektorlarda istehsalın artrılması) keçid etmək mümkündür. Şaquli diversifikasiyanın həyata keçiriləcəyi sahələrə isə yüngül sənaye, ağır sanaye, turizm, maliyyə və rəqəmsal xidmətlər, İT kimi sahələr aid ola bilər.

Qeyri-neft sektorunda istehsalın artırılması istehsal ediləcək məhsullara olan tələbdən birbaşa asılıdır. Azərbaycan kiçik daxili bazara malik olduğundan qeyri-neft sektorunun böyük miqyaslı inkişafını həyata keçirmək üçün xarici bazarlara çıxış imkanlarını genişləndirilməsinə, Azərbaycan məhsullarına tələbatın çox ola biləcəyi bazarların müəyyən edilməsinə ehtiyac vardır. Bu istiqamətdə dövlət mülkiyyətində olan istehsal sahələrinin xarici sərmayədarların iştirakı ilə özəlləşdirilməsi vacib şərtdir. Qeyri-neft ixracının əsaslı şəkildə artırılması və davamlılığıının təmin edilməsi üçün yeni bazarların tapılması və istehsal səviyyəsinin artırılması paralel şəkildə aparılmalıdır.

Xarici bazarlara çıxış əldə etmək üçün isə gömrük ittifaqları ilə münasibətlərə yenidən baxıla və ikitərəfli münasibətlər əsasında yeni bazarlara çıxmaq imkanları nəzərdən keçirilə bilər. Məsələn, Avrasiya İqtisadi Birliyinin bazarına daxil olmaq üçün Azərbaycan qeyri-ənənəvi qeyri-neft məhsullarının istehsalını artırmalı və bu bazara yönəltməlidir. Avropa İttifaqının (Aİ) bazarına daxil olmaq üçün isə Ümumdünya Ticarət Təşkilatına üzvlük kimi institutusional problemlər həll edilməli və istehsal Aİ standartlarına uyğunlaşdırılmalıdır. Eyni zamanda Türk Dövlətləri Təşkilatının iqtisadi məkanı da bu baxımdan faydalı ola bilər.

Gömrük ittifaqlarına daxil olmaq üçün mövcud prrblemləri nəzərə aldıqda, bu problemlər həll edilənə kimi Azərbaycan ikitərəfli əsasda ticarət əlaqələrinin inkişaf etdirərək yeni bazarlara daxil ola bilər. Azərbaycanın qeyri-neft məhsullarının ixrac edilə biləcəyi potensial bazarlara bir neçə regional qrupu aid etmək olar: Orta Şərq və Şimali Afrika (MENA), Cənub-Şərqi Asiya, Cənubi Asiya, Mərkəzi Asiya. Bu bazarlara daxil olmaq üçün Azərbaycanın bu ölkələr ilə ikitərəfli, coxtərəfli, regional və azad ticarət sazişləri imzalaması faydalı ola bilər. Çinlə və Mərkəzi Asiya ilə Orta Dəhliz, Rusiya ilə Şimal-Cənub dəhlizi çərçivəsində əməkdaşlıq turizm və nəqliyyat kimi qeyri-neft sektoruna aid olan sahələrin inkişafına yol aça bilər.

Bundan başqa, qeyri-neft ixracının artırılmasında xarici ölkələrdə ticarət nümayəndəliklərinin sayının və səmərəsinin artırılması, kooperasiya əlaqələrinin gücləndirilməsi, sənayeləşmənin artırılması kimi tədbirlər də faydalı ola bilər. Bunun üçün ümumi baxış formalaşdırılmalı, bu baxış çərçivəsində dövlət zəruri şərait yaratmalı, dövlətin bütün strukturlarının fəaliyyəti iqtisadi fəallığın artırlmasına yönəldilməlidir. Belə mühit formalaşdırıldıqdan sonra əsas yer özəl sektora verilməli və qeyri-neft sektorunun inkişafında özəl sektor drayverə çevrilməlidir. Əsas məqsəd yaxın beş-altı il ərzində qeyri-neft ixracını 10 milyard dollara çatdırmaqdır.

Məqalə ilə tam şəkildə burada tanış ola bilərsiniz: cssc.az/az/view/2/65

CSSC Baku

02 Sep, 15:07


Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin (CQTM) direktoru Fərhad Məmmədov Pressklub TV-nin efirində gedən “Əsas Sual” verilişində “Bakıdan İrəvana cavab: Sülh niyə hələ mümkün deyil?” mövzusunda fikirlərini bölüşüb.

Daha ətraflı: https://www.youtube.com/live/RSKq8HV2ai0?si=VjcoConJH8Ee4byM