Təlimin açılışında çıxış edən AzMİU-nun prorektoru professor Nigar Aslanova əqli mülkiyyətin innovasiya və elmi-tədqiqat fəaliyyətində oynadığı roldan bəhs edib. O, müəlliflik hüquqları, patenləşdirmə və əqli mülkiyyətin qorunması sahəsində akademik heyətin biliklərinin artırılmasının vacibliyini vurğulayıb. Prorektor bu istiqamətdə keçirilən tədbirlərin universitetin elmi potensialının gücləndirilməsinə mühüm töhfə verəcəyini bildirib.
Agentliyin Aparat rəhbəri, həmçinin AzMİU-nun Əqli Mülkiyyət kafedrasının müdir müavini Natiq İsayev isə çıxışında əqli mülkiyyətin yalnız mədəni və hüquqi aspektlərə deyil, həm də iqtisadi və sosial münasibətlər sisteminə təsir etdiyini vurğulayıb. O bildirib ki, hazırda dünyada əqli mülkiyyət iqtisadi inkişafın əsas faktorlarından birinə çevrilib və ölkələrin innovasiya strategiyalarında mühüm yer tutur. Natiq İsayev qeyd edib ki, Azərbaycanın əqli mülkiyyət sahəsində qanunvericiliyi regionda ən zəngin hüquqi çərçivələrdən birinə malikdir. Lakin yaradıcı şəxslər arasında maarifləndirmənin artırılması, onların hüquqi biliklərinin təkmilləşdirilməsi və əqli mülkiyyətin kommersiyalaşdırılması istiqamətində fəaliyyətin gücləndirilməsi zəruridir.
Çıxışlardan sonra Agentliyin əməkdaşları tərəfindən adıçəkilən mövzu istiqamətində təqdimatlar edilib.
Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzinin eksperti Firuzə Bəhramova çıxışında sənaye mülkiyyəti obyektlərinin qeydiyyatı prosesini əyani olaraq nümayiş etdirib. O, agentlikdə yaradılan və sənaye mülkiyyəti obyektlərinin qeydiyyatı ilə bağlı iddia sənədlərinin qəbulunu həyata keçirən “Patentlərə, Əmtəə Nişanlarına Açıq Hədəf” (PƏNAH) rəqəmsal informasiya sisteminin əhəmiyyətini vurğulayıb. O, bildirib ki, bu sistem istifadəçilərə daha operativ və şəffaf xidmət göstərmək imkanı yaradır, sənaye mülkiyyətinin qeydiyyat prosesini asanlaşdırır və müraciətlərin emal müddətini qısaldır.
Sonra digər məruzəçilərin çıxışları dinlənilib. Onlar ixtiralar, faydalı modellər, sənaye nümunələri, əmtəə nişanları və coğrafi göstəricilər barədə ətraflı məlumat veriblər. Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzinin şöbə müdirinin müavini Afət Qasımova iddia sənədlərinin hazırlanması və təqdim olunması qaydalarından danışıb. Mərkəzin sektor müdiri Gülcahan Əlimərdanova əmtəə nişanları və coğrafi göstəricilərin iqtisadi və hüquqi əhəmiyyətini, şöbə müdiri Sevinc Zeynalova isə əqli mülkiyyət obyektlərinin mahiyyəti üzrə ekspertizanın aparılma qaydalarını izah edib.
Təlimin ikinci hissəsində beynəlxalq əqli mülkiyyət qorunma sistemləri – Patent Əməkdaşlığı haqqında Müqavilə (PCT), Haaqa və Madrid sistemləri haqqında təqdimatlar keçirilib. İştirakçılar bu sistemlərin sənaye mülkiyyətinin qorunmasında rolu və tətbiqi qaydaları ilə tanış olublar.
İnteraktiv şəkildə davam edən təlim boyu Agentlik əməkdaşları tərəfindən iştirakçıları maraqlandıran suallar cavablandırılıb. Sonda Əqli Mülkiyyət Agentliyinin sahəyə dair kitabları universitetin kitabxanasına hədiyyə olunub.